"ABŞ bu iki maraq arasında balans yaratmaq istrəyir" - POLİTOLOQ

"ABŞ bu iki maraq arasında balans yaratmaq istrəyir" - POLİTOLOQ
Kateqoriya məlum deyil
T

İranla qarşıdurma fonunda ABŞ-nin qarşısında yalnız təhlükəsizlik məsələsi deyil, enerji bazarındakı sabitlik də dayanır.

Vaşinqton üçün neft qiymətlərinin aşağı səviyyədə saxlanılması əsas prioritetlərdən birinə çevrilib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin açıqlamaları isə bu yanaşmanı daha da gündəmə gətirib.

Bəs Vaşinqtonun neft qiymətini aşağı saxlamaq istəyi ABŞ-nin İran siyasətinə necə təsir edə bilər?ABŞ üçün İranla qarşıdurmada əsas prioritet nə olmalıdır?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Vaşinqtonun neft qiymətlərini aşağı səviyyədə saxlamaq istəyi ABŞ-nin İran siyasətinə müəyyən məhdudiyyətlər gətirə bilər.

Onun sözlərinə görə, İranla qarşıdurmanın genişmiqyaslı hərbi eskalasiyaya çevrilməsi təkcə İranın neft ixracına deyil, Hörmüz boğazından enerji daşımalarına da ciddi risk yaradır:

"Belə bir ssenari dünya bazarında neft qiymətlərinin yüksəlməsinə, bunun ardınca ABŞ daxilində benzinin bahalaşmasına və inflyasiya təzyiqlərinin artmasına səbəb ola bilər. Buna görə də Vaşinqton Tehran üzərində təzyiqi saxlamaqla yanaşı, enerji bazarını silkələyəcək nəzarətsiz eskalasiyadan yayınmağa çalışacaq. Cey Di Vensin açıqlamalarına da bu kontekstdə baxmaq olar: ABŞ üçün İran siyasəti artıq yalnız hərbi və nüvə təhlükəsizliyi məsələsi deyil, eyni zamanda daxili iqtisadi sabitlik məsələsidir".

Politoloq qeyd edib ki, strateji prioritetlər arasında seçim aparılarsa, ABŞ üçün İranın nüvə silahına sahib olmasının qarşısının alınması daha fundamental məsələdir:

"Neft və benzinin qiymətinin aşağı saxlanılması mühüm iqtisadi və siyasi hədəf olsa da, qiymətlər dəyişkən xarakter daşıyır və əlavə hasilat, strateji ehtiyatlar və digər istehsalçı ölkələrlə əməkdaşlıq vasitəsilə müəyyən qədər idarə edilə bilər. Nüvə silahına malik İran isə Yaxın Şərqdə qüvvələr balansını uzunmüddətli şəkildə dəyişə, regionda nüvə silahlanması yarışını sürətləndirə və ABŞ-nin müttəfiqləri üçün yeni təhlükəsizlik riskləri yarada bilər. Buna görə Vaşinqton üçün əsas məsələ nüvə təhlükəsinin qarşısını almaq, bunu mümkün qədər enerji bazarında böyük şok yaratmadan həyata keçirməkdir. Başqa sözlə, ABŞ qarşısında “nüvə təhlükəsizliyi, yoxsa ucuz neft” kimi mütləq seçimdən daha çox, bu iki maraq arasında həssas balans yaratmaq vəzifəsi dayanır".

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR