Dünya iqtisadiyyatının artımı 3 faizə qədər enəcək

Alman Sənaye İttifaqının (BDI) analitikləri 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıblar.
Sfera.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında dərc olunan hesabatda bildirilib.
Ekspertlər qlobal iqtisadiyyatın artım tempinin bu il əvvəlki proqnozla müqayisədə təxminən 0,5 faiz bəndi azalacağını gözləyirlər. Onların hesablamalarına görə, 2026-cı ilin yekununda dünya üzrə ümumi daxili məhsulun (ÜDM) artımı 3 faiz təşkil edəcək.
BDI analitikləri proqnozun pisləşməsinin əsas səbəbi kimi ABŞ ilə İran arasında baş verən müharibənin Yaxın Şərqdə yaratdığı mənfi iqtisadi təsirləri göstəriblər. Təşkilatın rəhbəri Tanya Genner bildirib ki, regiondan enerji resurslarının tədarükündə yaranan ciddi fasilələr biznes üçün risk və qeyri-müəyyənliyi artırır.
Hesabatda qeyd olunur ki, süni intellektə yatırılan investisiyalar olmasaydı, qlobal iqtisadiyyatda daha ciddi yavaşlama baş verə bilərdi. Analitiklərin fikrincə, Yaxın Şərqdəki münaqişə olmasaydı, tələbin canlanması və süni intellekt sahəsindəki inkişaf hesabına dünya iqtisadiyyatının artım tempi 2026-cı ildə 3,3-3,4 faizə çata bilərdi.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) da ABŞ-İran müharibəsinin qlobal iqtisadiyyat üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq etmişdi. Fondun qiymətləndirməsinə görə, regional münaqişə inflyasiya təzyiqini gücləndirə və qlobal təchizat zəncirlərində uzunmüddətli pozuntulara səbəb ola bilər. BVF də 2026-cı ildə dünya iqtisadiyyatının 3 faiz artacağını proqnozlaşdırır.
İnci
Sfera.az






