Dünya bazarında qızıl bahalaşır: Rekord artımın arxasında nə dayanır?

Dünya bazarında qızıl bahalaşır: Rekord artımın arxasında nə dayanır?
Kateqoriya məlum deyil
T

Dünya bazarında qızılın qiyməti avqustun əvvəlində son altı ayın ən böyük gündəlik artımını qeydə alıb.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Mərkəzi Bankının sabiq analitiki Onur Daşdəmir "RIA Novosti" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, avqustun 5-də keçirilən hərraclar zamanı əsas qiymətli metalın dəyəri 4,18 faiz artıb. Hazırda qızılın bir troya unsiyasının qiyməti təxminən 4 322 ABŞ dolları səviyyəsində ticarət olunur.

Analitik bildirib ki, qiymətlərin kəskin bahalaşmasına dollar indeksinin 99,66 bəndədək geriləməsi və ikiillik ABŞ-nin xəzinə istiqrazlarının gəlirliliyinin nəzərəçarpacaq dərəcədə azalması səbəb olub.

Onur Daşdəmir qeyd edib ki, Yaxın Şərqdə aparılan danışıqlarda əldə olunan irəliləyiş də qızıl bazarına dəstək verib. İranın Omanla Hörmüz boğazında gəmiçiliyə dair razılığa gəlməsi barədə açıqlamaları investorlarda regionun əsas logistika marşrutunun yaxın vaxtlarda tam fəaliyyətini bərpa edəcəyi ilə bağlı ümidləri artırıb.

Ekspertin sözlərinə görə, bu amil neftin qiymətinin ucuzlaşmasına, bunun nəticəsində isə qlobal inflyasiya təzyiqinin zəifləməsinə gətirib çıxarıb. Bu vəziyyət bazarlarda ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artırmaqdan imtina edə biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.

Mütəxəssislər bildirirlər ki, yüksək faiz dərəcələri faiz gəliri gətirməyən aktivlərə marağı azaldır. Qızıl da məhz bu kateqoriyaya aid olduğu üçün FED-in gələcək qərarları qiymətli metalın bazar qiymətinə birbaşa təsir göstərən əsas amillərdən biri hesab olunur.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR