İranla müharibə 100 milyard dollara başa gələcək - ABŞ-nin xərcləri artır

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ümumi dəyərinin 80-100 milyard dollar arasında ola biləcəyi bildirilib.
Sfera.az xəbər verir ki, bu barədə “NBC News” Pentaqonun daxili hesablamaları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ müdafiə nazirinin maliyyə üzrə müavini vəzifəsini icra edən Culs Hörst iyulun 14-də Senatda keçirilən dinləmələr zamanı bildirib ki, İrandakı əməliyyatın xərci, Yaxın Şərqdə yerləşən zədələnmiş hərbi bazaların bərpası nəzərə alınmadan, təxminən 30 milyard dollar qiymətləndirilib. Bu məbləğə istifadə olunan sursat ehtiyatlarının yenidən doldurulması da daxildir.
Lakin Hörst qeyd edib ki, sözügedən hesablamalar bir neçə ay əvvəl hazırlanıb və hazırkı vəziyyəti tam əks etdirmir.
NBC-nin mənbələrinin bildirdiyinə görə, Pentaqonun daha yeni daxili hesablamalarında zədələnmiş hərbi bazaların təmiri, məhv edilmiş döyüş təyyarələrinin əvəzlənməsi və sursat ehtiyatlarının artırılması da nəzərə alındıqda, ümumi xərclərin 80-100 milyard dollara yüksələcəyi proqnozlaşdırılıb.
Mənbələrin sözlərinə görə, təkcə Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinin bərpası təxminən 1 milyard dollara başa gələ bilər.
Bəsti Rəfizadə
