Bəzi vergi ödəyicilərinə güzəştlər olacaq

Bəzi vergi ödəyicilərinə güzəştlər olacaq
Kateqoriya məlum deyil
T

“Startap” şəhadətnaməsi almış vergi ödəyicilərinə güzəştlər şamil olunacaq.

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “startap” şəhadətnaməsi almış vergi ödəyicilərinin, sənaye və texnologiya parklarının rezidentlərinə şəhadətnamənin verildiyi ilk 3 (üç) il müddətində vergi yoxlamaları nəticəsində hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ümumi borc məbləği 50000 (əlli min) manatdan çox olmadıqda, həmin borc məbləği üzrə yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verildiyi tarixdən şikayət üzrə qəbul edilən qərarın qanuni qüvvəyə mindiyi tarixədək kredit, elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasına dair sərəncam göndərilmir. Bu maddənin müddəaları riskli vergi ödəyicisi hesab edilən şəxslərə şamil edilməyəcək.

Güzəşt aşağıdakı şərtlər nəzərə alınmaqla tətbiq ediləcək:

- bu maddəyə əsasən fiziki şəxsin gəlirindən çıxılan məbləğ onun müvafiq hesabat ili üzrə vergitutulan ümumi gəlirinin 50 faizindən çox olmamalıdır;

- investisiya yatıran fiziki şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;

- investisiya yatıran fiziki şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə tətbiq edilmir);

- əldə edilmiş iştirak payı (səhm) və ya investisiya müqaviləsi üzrə hüquqlar investisiyanın yatırıldığı tarixdən etibarən azı 3 (üç) il müddətində fasiləsiz olaraq fiziki şəxsin mülkiyyətində saxlanılmalıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ