Azərbaycan nə qədər xarici borc götürə bilər? - RƏQƏMLƏR

Azərbaycan nə qədər xarici borc götürə bilər? - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

"Azərbaycan bir sıra infrastruktur və digər layihələrin maliyyələşdirilməsi üçün yenidən xarici borc cəlb etmək istəyir".

Bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.

Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır:

“Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək”.


Ölkənin imkanları nəzərə alınarsa, Azərbaycan nə qədər xarici borc cəlb etmək imkanındadır və xarici borclanma artırılmalıdırmı?


Məsələ ilə bağlı iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, xarici borclanma imkanlarını qiymətləndirərkən ilk növbədə ölkənin mövcud maliyyə vəziyyətinə baxmaq lazımdır:


“Hazırda Azərbaycanın xarici borc yükü beynəlxalq standartlarla müqayisədə kifayət qədər aşağı səviyyədədir. Son illərdə dövlət borcu təxminən 7-8 milyard dollar ətrafında dəyişib. Bu da ÜDM-in təxminən 7-10 faizinə bərabər olub. Müqayisə üçün qeyd edim ki, bir çox Avropa ölkələrində dövlət borcu ÜDM-in 60-100 faizini keçir. Bu baxımdan Azərbaycanın borc yükünü təhlükəsiz səviyyədə qiymətləndirmək olar. Əlbəttə xarici borclarla bağlı əsas üstünlük təkcə aşağı borc göstəricisi ilə məhdudlaşmır. Bildiyimiz kimi, Azərbaycanın böyük həcmdə valyuta ehtiyatları mövcuddur.

Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatlarını birlikdə götürüldükdə xarici borcdan dəfələrlə çoxdur. Bu baxımdan mövcud xarici borc ən azı 2 dəfə artırılsa belə iqtisadiyyat üçün ciddi risk daşımayacaq. Sadə formada belə deyə bilərəm ki, hazırkı vəziyyətdə Azərbaycanın 10-15 milyard dollar borc almaq imkanları var”.


Ekspertin fikrincə, əsas məsələ borcun miqdarı deyil, həmin vəsaitin hansı məqsədlərlə istifadə olunacağıdır:


“Xarici borc yalnız o halda artırılmalıdır ki, cəlb olunan vəsait yüksək iqtisadi səmərə verən, uzunmüddətli inkişafı sürətləndirən və gələcəkdə əlavə gəlir yaradan layihələrə yönəldilsin. Hesab edirəm ki, layihənin gətirdiyi gəlir borcun xərcindən daha yüksək olmalıdır. Məsələn, əgər dövlət illik 4-5 faizlə borc cəlb edəcəksə, o zaman həyata keçirilən layihələr hər il ən azı 8-10 faiz həcmində əlavə dəyər qazandırmalıdır. Əvvəllər kommunal xidmətlərlə bağlı bəzi infrastruktur layihələrin maliyyələşməsində xarici borclardan istifadə edilib. Amma, həmin sahələr demək olar ki, tamamilə gəlirsiz sahələrdir və dövlət büdcəsindən ayrılan dotasiya hesabına ayaqda durur. Bu cür sahələr üçün cəlb edilən xarici borc, birmənalı şəkildə dövlət büdcəsi üçün əlavə yükə çevrilir.

Nəticədə vətəndaşın ödədiyi vergilər, onların sosial rifahının yüksəldilməsinə deyil, xarici borcların ödənilməsinə yönəldilir. Bu səbəbdən xarici borclar gələcəkdə gəlir gətirəcək layihələrə yönəldilməlidir. Məsələn, Azərbaycanın əlverişli coğrafi mövqeyi imkan verir ki, yeni avtomobil yollarının, dəmir yolu xətlərinin, liman və logistika mərkəzlərinin tikintisi üçün xarici borc cəlb olunusun. Bərpa olunan enerji layihələrini də xarici borclarla maliyyələşdirmək mümkündür. Çünki belə layihələr gələcəkdə iqtisadi aktivliyi artırır, yeni gəlir mənbələri yaradır”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ