İrana qarşı sanksiyalar yumşaldılsa nələr olacaq? - ŞƏRH

İrana qarşı sanksiyalar yumşaldılsa nələr olacaq? - ŞƏRH
Kateqoriya məlum deyil
T

Son dövrlərdə İran üzərinə tətbiq olunan sanksiyaların mümkün yumşaldılması ilə bağlı müzakirələr yenidən aktuallaşıb və bu ehtimal qlobal enerji bazarlarında diqqətlə izlənilir.

 

Maraqlıdır, İran üzərindəki sanksiyaların yumşaldılması baş verərsə, bu, dünya enerji bazarında hansı dəyişikliklərə, xüsusilə neft təklifi, qiymətlər və regional enerji balansına necə təsir göstərə bilər?

 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, İranın enerji sektoru üzərindəki sanksiyaların yumşaldılması dünya enerji bazarında bir sıra ciddi dəyişikliklərə yol aça bilər. Onun sözlərinə görə, bu, ilk növbədə, İran neft tədarükünü əhəmiyyətli dərəcədə artıra bilər:

 

 

“Ölkə, təsdiq olunmuş ehtiyatlarına görə dünyanın ən böyük neft və qaz yataqlarından birinə sahibdir. Sanksiyalar qaldırılsa, İran gündəlik ixracını sürətlə artıraraq qlobal bazara əlavə təklif gətirəcək. Bu da xam neftin qiymətinə aşağıya doğru təzyiq göstərəcək, xüsusilə OPEC+ ölkələrinin çıxışını məhdudlaşdırma siyasəti ilə uyğunlaşdırılmasa. Qiymət baxımından İranın bazara qayıdışı neftin qiymətini barrel başına 5-10 dollar aralığında aşağı sala bilər, bəzi təhlilçilər daha kəskin düşüşdən də bəhs edir. Bu, neft ixracatçısı ölkələrinin — Səudiyyə Ərəbistanı, Rusiya, Körfəz dövlətlərinin gəlirlərini azaldacaq, neft idxalçısı ölkələr üçün isə müsbət bir inkişaf olacaq. Geosiyasi baxımdan Rusiya xüsusi bir təzyiqlə üzləşə bilər. Avropa Rusiya qazından asılılığını azaltmaq axtarışındadırsa, İran qazı, xüsusilə boru kəməri infrastrukturu inkişaf etdirilsə, alternativ mənbə kimi nəzərə alına bilər. Bu isə enerji təhlükəsizliyi məsələsini köklü şəkildə dəyişdirə bilər”.

 

Müsahibimiz vurğulayıb ki, bununla Asiya bazarları İran neftinə çıxış əldə edə bilər:

 

“Çin, Hindistan, Cənubi Koreya, Yaponiya İran neftinə güzəştli qiymətlərlə yenidən çıxış əldə edə bilər. Sanksiyalar dövründə bu ölkələrdən bir qismi müxtəlif sxemlərlə İran nefti alsa da, rəsmi əlaqələrin bərpası həm həcmi artıracaq, həm də əməliyyat xərclərini azaldacaq. OPEC+ üçün isə vəziyyət mürəkkəbləşəcək. İranın bazara qayıdışı kartel daxilindəki balansı pozacaq, kvotaların yenidən müzakirəsini zəruri edəcək. Bu, Səudiyyə Ərəbistanı ilə İran arasında artıq gərgin olan münasibətlərə əlavə sürtüşmə gətirə bilər. Nəhayət, xarici investisiyalar baxımından Qərb enerji şirkətlərinin İranın neft-qaz sektoruna qayıdışı ehtimal olunur. Bu, İranın hasilat gücünü orta və uzunmüddətli perspektivdə daha da artıracaq. Sanksiyalar dövründə köhnəlmiş infrastrukturun modernləşdirilməsi buna zəmin yaradacaq. Ümumiyyətlə, İranın tam mənada enerji bazarına qayıdışı qısamüddətli qiymət sarsıntısına, geosiyasi yenidən sıralanmaya və təchizat zəncirlərinin köklü şəkildə dəyişməsinə səbəb ola bilər”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR