Şirkətlər "Expressbank"dan qaçır: Bir rübdə 15 milyonluq depozit itkisi

Şirkətlər "Expressbank"dan qaçır: Bir rübdə 15 milyonluq depozit itkisi
Kateqoriya məlum deyil
T

“Expressbank” ASC 2026-cı ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Bankın rəsmi PR materiallarında xalis mənfəətin artması əsas uğur göstəricisi kimi təqdim edilsə də, hesabatın “Maliyyə vəziyyəti haqqında” və “Mənfəət və zərər haqqında” bölmələrindəki detallar fərqli mənzərəni ortaya qoyur.

 

Sfera.az xəbər verir ki, xüsusilə korporativ müştərilərin bankdan vəsaitlərini kütləvi şəkildə geri çəkməsi və aktivlərin həcmindəki azalma diqqət çəkir.


Bankın balans hesabatının “Öhdəliklər” bölməsindəki 2.1.2-ci bəndinə (Hüquqi şəxslərin depozitləri) nəzər saldıqda görünür ki, ilin əvvəlində biznes subyektlərinin bankdakı vəsaitləri 51 milyon 681 min manat təşkil edib. Cari ilin 31 mart tarixinə isə bu rəqəm 36 milyon 205 min manata düşüb. Bu o deməkdir ki, cəmi üç ay ərzində hüquqi şəxslər bankdan 15 milyon 476 min manat vəsait çıxarıblar. Korporativ depozit portfelindəki bu 30 faizlik kəskin azalma bankın biznes sektorundakı mövqelərinin zəiflədiyini və müştəri etimadının aşağı düşdüyünü göstərən birbaşa faktdır.


Aktivlərin kiçilməsi və kreditləşmədə durğunluq


Bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 666,7 milyon manatdan 661,9 milyon manata enib. Aktivlərin kiçilməsi fonunda bankın əsas gəlir mənbəyi olan müştərilərə verilmiş kreditlər (maddə 1.5) 549,7 milyon manatdan 546,5 milyon manata geriləyib. Bazar payının qorunması baxımından riskli olan bu tendensiya bankın kreditləşmə fəaliyyətindəki passivliyini və rəqabət imkanlarının daraldığını rəsmi şəkildə təsdiqləyir.


Faiz xərclərinin gəlirlərdən daha sürətli artması


"Expressbank"ın gəlir və xərc balansında da disproporsiya müşahidə olunur. Hesabata əsasən, bankın faiz gəlirləri illik müqayisədə 14,9% artdığı halda, depozitlər üzrə ödənilən faiz xərclərindəki (maddə 2.1) artım 24,6% təşkil edib. Bu rəqəmlər bankın vəsait cəlbetmə xərclərinin gəlir gətirmə sürətini üstələdiyini göstərir. Eyni zamanda, bankın 12,6 milyon manatlıq qeyri-faiz xərcləri 4,2 milyon manatlıq qeyri-faiz gəlirlərini üç dəfə üstələyir ki, bu da əməliyyat səmərəliliyinin aşağı olduğunu sübut edir./32gun

PAYLAŞ