Neft bahalaşır - Son böyük maliyyə FÜRSƏTİ

"Neft bahalaşır. Bu keyfiyyətcə yeni iqtisadi mərhələ üçün bəlkə də son böyük maliyyə fürsətidir".
Sfera.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, hazırda neftin qiymətinin büdcədə nəzərdə tutulan 65 dollardan 124 dollara qədər yüksəlməsi kifayət qədər müsbət mənzərə yaradır.
Ekspert bildirib ki, mövcud şəraitdə ən vacib məsələ düzgün iqtisadi qərarların verilməsidir:
"Hazırda 65 dollara qarşı 124 dollara satılan neft qiymətləri könül oxşayır. Bəs bu şəraitdə ən doğru addım nə olardı? İllik ixracımız hazırda təxminən 23 milyon ton, yəni 168 milyon bareldir. Bu gün neftin qiyməti büdcədə nəzərdə tutulan səviyyədən orta hesabla 60 dollar daha yüksəkdirsə, bu sadə hesablama ilə təxminən 10 milyard dollara yaxın əlavə gəlir potensialı deməkdir. Bu, illik baza üzrə hesablanmış maksimum potensialdır. Təbii ki, belə vəziyyətin bir il ərzində fasiləsiz davam etməsi ideal ssenaridir və praktikada nadir hallarda baş verir. Lakin bu fərqin bir hissəsinin belə reallaşması ciddi fiskal üstünlük yaradır”.
İqtisadçı qeyd edib ki, bu tendensiya 2026 və hətta 2027-ci illərdə Azərbaycan üçün daha əlverişli maliyyə mühiti formalaşdıra bilər. Onun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsinin genişlənməməsi iqtisadi aktivliyə birbaşa təsir göstərir:
"Nəzərə alaq ki, 2026-cı ilin büdcəsi faktiki olaraq genişlənmədi. Bu isə iqtisadi aktivliyə birbaşa təsir edir. Çünki Azərbaycan iqtisadiyyatı hələ də böyük ölçüdə büdcə xərclərindən asılıdır və xərclərin daralması iqtisadiyyatı zəiflədir. Bu şəraitdə əsas məsələ əlavə gəlirin necə idarə olunacağıdır. Formalaşan vəsaitin bir hissəsi mütləq şəkildə ehtiyatların artırılmasına yönəlməli, mümkün qiymət dəyişkənliyinə qarşı dayanıqlıq gücləndirilməlidir. Digər hissə isə iqtisadi aktivliyin bərpasına yönəlməlidir, xüsusilə də büdcə daralmasının təsir etdiyi sahələrdə. Burada prioritet geniş və aşağı səmərəli xərclər deyil, regionlarda real iqtisadi dəyər yaradan layihələr, logistika imkanlarının genişləndirilməsi, istehsal zəncirlərinin qurulması və KOB-ların maliyyəyə çıxışını asanlaşdıran praktik mexanizmlər olmalıdır".
Ekspert sonda qeyd edib ki, məqsəd sadəcə xərcləmək deyil, vəsaiti iqtisadi dövriyyəyə elə daxil etməkdir ki, həm qısamüddətli canlanma yaratsın, həm də orta müddətdə qeyri-neft iqtisadiyyatını gücləndirsin.
Altay
Sfera.az
