Müharibə qısamüddətli olarsa: "Neft sürətlə ucuzlaşacaq"

Müharibə qısamüddətli olarsa: "Neft sürətlə ucuzlaşacaq"
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə baş verən hərbi və siyasi gərginliklər qlobal enerji bazarlarına birbaşa təsir göstərən əsas amillərdən hesab olunur. Xüsusilə regionda böyük neft ehtiyatlarına malik ölkələrin iştirakı ilə baş verən qarşıdurmalar dünya bazarında enerji qiymətlərinin dəyişməsinə səbəb olur. Son günlər ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar da beynəlxalq enerji bazarında ciddi müzakirələr doğurub.


Bəs ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı tezliklə başa çatarsa, dünya bazarında neftin qiyməti düşəcəkmi, yoxsa bu proses uzunmüddətli təsirlərlə müşahidə oluna bilər?


Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib.

 

Onun sözlərinə görə, əgər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı qısa müddətdə bitərsə, çox güman ki, neftin qiyməti tədricən aşağı düşəcək:


“Çünki hazırda qiymətlərin yüksək olmasının əsas səbəbi bazardakı real qıtlıqdan çox, müharibə riski və nəqliyyat yollarının bağlanması qorxusudur. Xüsusilə Hörmüz boğazı kimi strateji marşrutlarda təhlükə yarananda bazar dərhal qiymətə “risk əlavəsi” qoyur. Əgər müharibə tez bitərsə və bu marşrutlar yenidən normal işləməyə başlasa, bazar sakitləşir və bu risk əlavəsi tədricən aradan qalxır. Belə hallarda analitiklər neftin qiymətinin bir neçə ay ərzində daha aşağı səviyyəyə qayıda biləcəyini deyirlər. Keçmişdə də oxşar gərginliklərdən sonra atəşkəs xəbərləri gələn kimi neft qiymətləri sürətlə enib”.

 

Ekspertin fikrincə, müharibə uzansa və ya regionda davamlı gərginlik qalsa, qiymətlər daha uzun müddət yüksək qala bilər:

 


“Çünki Yaxın Şərq dünya neftinin böyük hissəsinin çıxarıldığı və daşındığı regiondur və hərbi risklər tədarükün azalacağı ehtimalını artırır. Məsələn, son gərginlik zamanı bazardan milyonlarla barrel neft tədarükünün müvəqqəti çıxması qiymətlərin 100 dollara yaxınlaşmasına səbəb olub. Nəticə olaraq, bu vəziyyət adətən uzunmüddətli olmur. Müharibə qısa çəkərsə, qiymətlər də bir müddət sonra düşür. Amma münaqişə uzanarsa və ya regionda qeyri-sabitlik davam edərsə, yüksək neft qiymətləri daha uzun müddət qala bilər”.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ