Qızıl 1 dollar bahalaşarsa... – Neft Fondu nə qədər qazanacaq?

Dünyada artan hərbi və siyasi gərginliklər qlobal maliyyə bazarlarında ciddi dalğalanmalar yaradıb. Ölkələrarası müharibələr artdıqca investorlar ənənəvi olaraq daha təhlükəsiz hesab edilən aktivlərə, xüsusilə qızıla üz tuturlar. Nəticədə beynəlxalq bazarlarda qızılın qiymətində artım tendensiyası müşahidə olunur.
Sfera.az xəbər verir ki, bu proses, təbii olaraq enerji ixracatçısı və böyük valyuta ehtiyatlarına malik ölkə olan Azərbaycanın maliyyə bazarından da yan keçmir.
Qızılın bahalaşması həm daxili bazarda qiymət dəyişikliklərinə səbəb olur, həm də ölkənin strateji ehtiyatlarının dəyərinə birbaşa təsir göstərir. Xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl portfelinin həcmi nəzərə alınarsa, hər bir qiymət artımı ölkənin valyuta ehtiyatlarının ümumi dəyərində milyonlarla, hətta milyardlarla dollar fərq yaradır.
Belə bir şəraitdə qızılın beynəlxalq qiymətində baş verən hər dəyişiklik təkcə qlobal bazarlar üçün deyil, Azərbaycan iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Bəs qızılın ehtimal olunan bahalaşması Neft Fondunun ehtiyatlarını nə qədər artıra bilər?
Bunun üçün kiçik hesablama aparaq.
2026-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən, Azərbaycan Dövlət Neft Fondunun 200 ton qızıl ehtiyatı var. 200 ton qızıl 200 milyon qrama bərabərdir. Hazırda qızılın bir troya unsiyası (31,1 qram) 5150 dollardır. Hesablamadan aydın olur ki, hazırda qızılın bir qramının dəyəri təxminən 165,6 dollardır. Deməli, Neft Fondunun qızıl ehtiyatlarının hazırkı dəyəri 33 milyard dollardan bir qədər artıqdır.
2026-cı ilin 1 yanvarındakı dəyərlə müqayisədə hazırkı məbləğ 5 milyard dollar çoxdur. Bu artım son 60 gündəki bahalaşma hesabına baş verib. Proqnozlaşdırılır ki, regional münaqişələr davam etdikcə, eləcə də qlobal iqtisadiyyatla bağlı narahatlıq artdıqca qızıl bir qədər də bahalaşacaq. Qısa müddətdə qızılın bir troya unsiyasının dəyərinin 5500 dollara qədər yüksəlməsi daha real görünür.
Əgər proqnoz özünü doğruldarsa, yəni qızılın bir troya unsiyası 5500 dollar (bir qramı təxminən 176,8 dollar) olarsa, o zaman Neft Fondunun 200 ton qızılının dəyəri 35,4 milyard dollara çatacaq.
Bu müqayisədən görünür ki, qızılın qramının bir dollar artması Neft Fondunun qızıl aktivlərini 200 milyon dollar, 5 dollar artması 1 milyard dollar, 10 dollar artması isə 2 milyard dollar bahalaşdırır. 2026-cı il daxil olandan qızılın qramının dəyəri təxminən 25 dollar artdığından, Neft Fondunun qızıl aktivləri 5 milyard dollar yüksəlib.
Bəsti Rəfizadə
Sfera.az
