Hörmüz boğazı riski - Neft nə qədər bahalaşacaq?

Hörmüz boğazı riski - Neft nə qədər bahalaşacaq?
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə yaranan hərbi-siyasi gərginlik fonunda neft qiymətlərində kəskin artım müşahidə olunur. Xüsusilə İranın regiondakı mümkün addımları və Hörmüz boğazı ilə bağlı bəyanatlar qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Güman olunur ki, xüsusən Hörmüz boğazı bağlı qalarsa, bu, neft qiymətlərinin daha da artmasına səbəb olacaq.


İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, son bir neçə ayda neft qiymətlərindəki artımın əsas səbəbi məhz ABŞ-İran münasibətlərindəki gərginlikdir:


“ABŞ-İran münaqişəsi ehtimalı yaranandan sonra neft qiymətləri 60 dollar ətrafından 70-75 dollar səviyyəsinə yüksəldi. Müharibə başlayandan sonra isə yenidən 8-9 faizlik artım müşahidə olunur. "Brent" və WTI neftində fərqli artım templəri olsa da, hər ikisi yüksəlir. Hazırda neft bazarında əsas diqqət İranın bazardan çıxması və yaxın perspektivdə risklərin kəskin artması ehtimalına yönəlib. Lakin indiki qiymətlərdə Hörmüz boğazının bağlanması riski hələ nəzərə alınmır. İnvestorlar hesab edirlər ki, müharibə nə qədər şiddətli olsa da, Hörmüz boğazı bağlanmayacaq”.


X. Kərimli əlavə edib ki, "Brent" neftinin hazırkı 78-80 dollarlıq qiymət intervalı əsasən İranın qarşıdakı dövrdə dünya neft bazarından çıxarılması və eyni zamanda OPEC+ ölkələrinin hasilatı artıracağına dair qərarlar fonunda formalaşır:

 


“İran gündəlik təqribən 3 milyon barel neft hasil edirdi və bunun 1-1,5 milyon bareli ixrac olunurdu. Səudiyyə Ərəbistanının hasilatı artırmaq üçün boş gücü təxminən 2 milyon barel civarındadır və sürətli şəkildə artım imkanı bu həcmdədir. Bazar gözləyir ki, əgər İran qarşıdakı aylarda bazardan çıxsa, Səudiyyə Ərəbistanının əlavə hasilat gücü bunun təsirini müəyyən qədər məhdudlaşdıracaq. Lakin ümumilikdə Hörmüz boğazı bağlansa, indiki 80 dollarlıq qiymətlər 100 dolların üzərinə qalxa bilər. Hazırkı qiymətlər göstərir ki, treyderlər və investorlar hələlik bu riski tam nəzərə almırlar və boğazın fəaliyyətdə qalacağını düşünürlər. Müharibə ehtimalının reallaşması və prosesin davam etməsi qiymətləri 60 dollardan 80 dollara qədər yüksəldib. Qiymətlərin daha da artıb-artmayacağı isə müharibənin şiddətindən, yayılma coğrafiyasından və Hörmüz boğazı ilə bağlı vəziyyətdən asılı olacaq”.


Ekspert onu da söyləyib ki, neftin qiymətinin yüksəlməsi Azərbaycan üçün əlverişlidir. Onun bildirdiyinə görə, neftin illik qiymətinin 1 dollar yüksək olması Azərbaycana təxminən 220 milyon manat əlavə gəlir gətirəcək.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ