Neft daha da bahalaşa bilər - AÇIQLAMA

Bu gün birjalar açılan kimi "Brent" markalı neftin qiyməti 5 faizdən çox artaraq 78 dollar həddini keçib. Qlobal enerji bazarlarında müşahidə olunan bu bahalaşma fonunda Azərbaycan neftinin qiymətində də artım gözlənilir. Proqnozlara görə, bu dinamika davam edərsə, Azərbaycan neftinin bir barelinin qiyməti 80 dollara çatacaq.
Maraqlıdır, neftin qiyməti daha da arta bilərmi?
Sfera.az-a bununla bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, "Brent" markalı neftin 5 faizdən çox bahalaşaraq 78 dolları ötməsi göstərir ki, bazarda risk amili və qeyri-müəyyənlik güclənib:

“"Brent" markali neft beynəlxalq etalon olduğu üçün onun qiymətindəki artım adətən Azərbaycan neftinə də ötürülür və nəticədə Azərbaycan xam nefti daha yüksək səviyyədə satıla bilər. Qiymətin daha da artması mümkündür, xüsusilə regiondakı gərginlik dərinləşərsə, ixrac marşrutları risk altına düşərsə və ya bazarda təklifin azalacağı ilə bağlı gözləntilər güclənərsə. Belə hallarda investorlar risk faktorunu qiymətlərə əlavə edirlər və bu, qısa müddətdə əlavə sıçrayışlara səbəb ola bilər”.
İqtisadçı əlavə edib ki, bununla yanaşı, qiymət artımı həmişə davamlı olmur:
“Əgər vəziyyət sabitləşərsə, alternativ təchizat kanalları işə düşərsə və ya böyük istehsalçı ölkələr hasilatı artırarsa, qiymətlərdə korreksiya mümkündür. Həmçinin yüksək qiymətlər qlobal tələbi zəiflədə bilər ki, bu da artım tempini məhdudlaşdırar. Yəni mövcud şəraitdə əlavə bahalaşma ehtimalı var, amma bu, münaqişənin gedişindən, bazarın reaksiyasından və böyük istehsalçıların qərarlarından asılı olacaq”.
Fidan Hacızadə
Sfera.az






