Qızıl yenidən bahalaşır - Son qiymətlər

Qızıl yenidən bahalaşır - Son qiymətlər
Kateqoriya məlum deyil
T

Beynəlxalq birjalarda hərracların açılması ilə qızılın qiymətində kəskin artım qeydə alınıb. Son göstəricilərə əsasən, qızılın bir troya unsiyası (31,1 qram) 5400 dollara qədər yüksəlib. Bu, bazarlarda artan geosiyasi risklərin və qlobal qeyri-müəyyənliyin fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsinin göstəricisi kimi qiymətləndirilib.


Sfera.az xəbər verir ki, statistikaya görə, qızıl son bir həftədə 3,5 faiz, son bir ayda 16 faiz, son üç ayda 27 faiz bahalaşıb.

 

İllik müqayisədə isə artım daha kəskindir. Son bir ildə qiymət 86 faiz yüksəlib. Bu dinamika qızıl bazarında güclü alıcı mövqeyinin formalaşdığını göstərir.


Qızıl ənənəvi olaraq “etibarlı liman” hesab olunur. Xüsusilə müharibə, regional qarşıdurmalar və ya qlobal iqtisadi böhran dövrlərində investorlar riskli bazarlardan, səhmlər və kriptovalyutalar kimi alətlərdən çıxaraq vəsaitlərini qızıla yönəldirlər. Bu tendensiya hazırkı mərhələdə də açıq şəkildə müşahidə olunur.


Bundan əlavə, bir sıra dövlətlərin qızıl-valyuta ehtiyatlarını artırmaq üçün bazarda iri həcmdə alışlar etməsi qiymətlərə əlavə təkan verir. 


Ehtimallara görə, Yaxın Şərqdə və dünyada müharibələr davam etdikcə qızılın qiyməti 5500 dolları, hətta 6000 dolları ötə bilər. Belə ssenaridə bahalaşma dalğasının davamlı xarakter alacağı istisna edilmir.


Qızılın qiymətindəki artım zinət əşyaları bazarına da birbaşa təsir göstərəcək. Xammalın bahalaşması nəticəsində qızıldan hazırlanan zinət məmulatlarının qiymətlərinin kəskin artacağı gözlənilir ki, bu da daxili bazarlarda alıcılıq qabiliyyətinə təsir edə bilər.


Beləliklə, mövcud vəziyyət qızılın yenidən qlobal maliyyə sistemində əsas qoruyucu aktiv rolunu gücləndirdiyini göstərir.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ