Azərbaycanda bahalaşma gözlənilir? - "20-30 faiz..."

Xəbər verdiyimiz kimi, fevralın 23-də dövlət başçısı tərəfindən Əmək Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib. Qəbul edilən yeni düzəlişlərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur
. Bu dəyişiklik fonunda minimum əməkhaqqının təqribən 600 manat səviyyəsinə çatdırıla biləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Maraqlıdır ki, minimum əməkhaqqı artırılsa bu digər sahələrdə qiymət artımına səbəb ola bilərmi? Belə hal baş versə bu artımın nə qədər olması gözləniləndir?
Sfera.az-a bununla bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli minimum əməkhaqqının artırılmasının adətən iqtisadiyyata iki istiqamətdə təsir etdiyini deyib:

“Bir tərəfdən aşağı gəlirli vətəndaşların alıcılıq qabiliyyəti yüksəlir, yəni insanların xərcləmək imkanı artır. Bu isə daxili tələbi gücləndirə və ümumi iqtisadi aktivliyi artıra bilər. Digər tərəfdən isə biznes subyektlərinin əmək xərcləri yüksəlir və bəzi hallarda sahibkarlar bu artımı məhsul və xidmətlərin qiymətinə yansıtmağa çalışa bilərlər. Azərbaycan kimi bazar iqtisadiyyatına malik ölkələrdə minimum əmək haqqının artımı xüsusilə xidmət, ticarət və ictimai iaşə sektorunda maya dəyərinə təsir göstərə bilər. Əgər əmək xərci həmin sahədə ümumi xərclərin böyük hissəsini təşkil edirsə, qiymət artımı ehtimalı daha yüksək olur. Lakin qiymətlərin nə qədər artacağı konkret rəqəmlə əvvəlcədən demək çətindir, çünki bu, bir neçə amildən asılıdır: artımın miqyası, bazarda rəqabət səviyyəsi, dövlətin nəzarət və tənzimləmə siyasəti, həmçinin ümumi inflyasiya mühiti”.
İqtisadçı əlavə edib ki, təcrübədə minimum əməkhaqqının artımı birbaşa və tam şəkildə eyni faizlə qiymətlərə ötürülmür:
“Məsələn, əmək haqqı 20-30 faiz artsa belə, qiymətlərdə artım adətən bundan xeyli aşağı olur, çünki əmək xərci məhsulun yekun qiymətinin yalnız bir hissəsini təşkil edir. Bundan əlavə, bəzi şirkətlər məhsuldarlığı artırmaq və ya digər xərcləri optimallaşdırmaqla qiymət artımından qaça bilirlər. Əgər minimum əmək haqqı təxminən 600 manata çatdırılarsa, qısa müddətdə müəyyən sahələrdə cüzi qiymət artımları mümkündür. Amma ümumi və kəskin bahalaşma yalnız o halda baş verə bilər ki, artım iqtisadi imkanlardan xeyli yüksək olsun və ya paralel olaraq digər xərclər-məsələn, idxal qiymətləri və enerji tarifləri də artsın. Ona görə də real təsir artımın həcmindən və iqtisadi siyasətin ümumi istiqamətindən asılı olacaq”.
Fidan Hacızadə
Sfera.az






