ABŞ ilə ticarət dövriyyəsi azalıb - Vəziyyət dəyişəcək?

ABŞ ilə ticarət dövriyyəsi azalıb - Vəziyyət dəyişəcək?
Kateqoriya məlum deyil
T

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsində azalma qeydə alınsa da, qeyri-neft ixracında artım müşahidə olunur.


Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar ayında Azərbaycanla ABŞ arasında ümumi ticarət dövriyyəsi 39,3 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32,3% azdır. Bununla yanaşı, ABŞ-nin Azərbaycandan qeyri-neft idxalı 6,8 milyon dollara yüksələrək illik müqayisədə 26,2% artım nümayiş etdirib. 


Bəs qeyri-neft ixracının artdığı bir şəraitdə ümumi dövriyyənin və idxalın azalması hansı iqtisadi tendensiyalardan xəbər verir?  Bu vəziyyət müvəqqəti statistik dalğalanmadır, yoxsa qlobal bazarlarda baş verən dəyişikliklərin və daxili struktur faktorların təsirinin göstəricisidir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bir aylıq göstərici əsasında iqtisadi tendensiya müəyyənləşdirmək doğru deyil:

 


“İqtisadi dinamikanı qiymətləndirmək üçün ən azı illik göstəricilərə baxmaq lazımdır. Bir ayın statistikası ümumi mənzərəni tam əks etdirmir”.


Ekspertin sözlərinə görə, hazırda Azərbaycan-ABŞ iqtisadi əlaqələri kifayət qədər aktiv mərhələdədir və münasibətlər yüksələn xətt üzrə inkişaf edir:


“Hazırda ABŞ ilə əlaqələrimizin ən intensiv dövrünü yaşayırıq. Məntiqlə ticarət dövriyyəsinin ritmi artıma doğru getməlidir. ABŞ-nin Azərbaycandan idxalının artması da ölkəmizə olan marağın göstəricisidir. Yanvar ayındakı azalmanı statistik dalğalanma kimi qiymətləndirmək olar. Bu mərhələdə hər hansı kəskin iqtisadi nəticə çıxarmaq tezdir”.


Fuad İbrahimov əlavə edib ki, proqnozlara əsasən, 2026-cı ildə Azərbaycan-ABŞ ticarət münasibətlərində müsbət saldo ilə bağlı indiyədək müşahidə olunmayan göstəricilər qeydə alına bilər.


Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ