Mal-qara sayı azalır: ət daha da bahalaşacaq? - AÇIQLAMA

Azərbaycanda mal-qara sayında azalma prosesi davam edir.
Azalma dinamikası həm inək və camışlarda, həm də qoyun və keçilərdə müşahidə olunur. Son illərdəki bu azalma heyvandarlıq sektorunda istehsal göstəricilərinin yaxşılaşması imkanlarını da zəiflədib.
Rəsmi statistikaya görə, inək və camış sayı 2024-cü ilin yanvarında 1 milyon 235 min baş, 2025-cü ilin yanvarında 1 milyon 224 min baş, 2026-cı ilin yanvarında isə 1 milyon 207 min baş olub. Qoyun və keçi sayı isə belə dəyişib: 2024-cü ilin yanvarında 7,06 milyon baş, 2025-ci ilin yanvarında 6,9 milyon baş, 2026-cı ilin yanvarında isə 6,76 milyon baş.
Bəs görəsən, heyvandarlıq sektorunda azalma tendensiyası davam edəcəkmi? Bu, ətin qiymətləri üzərində təzyiq yarada bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, azalmanın əsas səbəblərindən biri yem bazasının zəifləməsidir. Onun sözlərinə görə, otlaq sahələrinin təxminən 30 faizinin müxtəlif səbəblərlə zəbt olunması və ya istifadədən kənarda qalması fermerlərin heyvan saxlamaq imkanlarını məhdudlaşdırır:

“Otlaq çatışmazlığı nəticəsində fermerlər əlavə yem almağa məcbur olur, lakin yem xərclərinin artması heyvandarlığın maya dəyərini yüksəldir və bir çox kiçik təsərrüfatlar üçün bu sahəni rentabelli etmir. Nəticədə heyvanların bir hissəsi kəsimə göndərilir və sürülər bərpa olunmur. Digər mühüm amil istehsal xərclərinin ümumilikdə artmasıdır. Yanacaq, baytarlıq xidmətləri, dərman preparatları və idxal olunan yem komponentləri bahalaşıb. Kənd yerlərində əmək qabiliyyətli əhalinin azalması və gənclərin bu sahəyə marağının zəifləməsi də heyvandarlığın genişlənməsinə mane olur. Eyni zamanda məhsuldarlığın aşağı səviyyədə qalması, yəni hər heyvandan alınan ət və süd həcminin məhdud olması ümumi istehsal göstəricilərinin artım potensialını zəiflədir”.
Ekspert qeyd edib ki, bu prosesin nə vaxta qədər davam edəcəyi əsasən dövlət dəstəyi, otlaq sahələrinin bərpası, yem istehsalının artırılması və subsidiyaların effektivliyindən asılı olacaq:
“Əgər struktur problemlər həll olunmasa və fermerlərin xərcləri azaldılmasa, azalma tendensiyası qısa müddətdə dayanmayacaq. Əksinə, heyvan sayı daha da azalarsa, daxili ət istehsalı zəifləyəcək. Heyvan sayındakı azalma təbii olaraq ət bazarına təsir edir. Təklif azaldıqca və tələbat sabit qaldıqda və ya artdıqda qiymətlər üzərində təzyiq formalaşır. Bu isə xüsusilə mal ətinin qiymətinin yüksəlməsinə səbəb ola bilər. Daxili istehsal azalarsa, idxaldan asılılıq artar və bu da qiymətlərin xarici bazar şərtlərindən daha çox asılı olmasına gətirib çıxarar. Nəticə etibarilə, mövcud dinamika davam edərsə, ət qiymətlərində artım riski yüksək olaraq qalır”.
Niyaz Hacıyev
Sfera.az
