Bakı ticarətdə rekord qırdı – Alverin 61%-i paytaxtda olub

2025-ci ilin nəticələrinə görə, Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin (ərzaq və qeyri-ərzaq malları üzrə) 61,1 faizi Bakı şəhərinin payına düşüb. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Müqayisə üçün qeyd edək ki, Bakının payı 2024-cü ildə 60,7%, 2023-cü ildə 59,9%, 2022-ci ildə 58,1%, 2021-ci ildə isə 57,4% təşkil edib. Beləliklə, son 5 ildə Bakının xüsusi çəkisində 3,7 faiz bəndi artım qeydə alınıb. Pərakəndə ticarətdə paytaxtın payının ən aşağı olduğu dövr isə 1994-cü il (34%) olub.
Maraqlıdır, ölkə əhalisinin rəsmi qeydiyyatda cəmi 28 faizinin yaşadığı Bakı şəhəri necə olur ki, ölkə üzrə ticarətin 61 faizini reallaşdırır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Allahverdi Aydın bildirib ki, bu fərqin bir neçə fundamental səbəbi var:
Onun sözlərinə görə, rəsmi statistika Bakıda məskunlaşan əhalinin sayını dəqiq şəkildə göstərmir:
“Bunu kommunal xidmətlərdən istifadə edən abonentlərin sayına nəzər saldığımız zaman da açıq şəkildə görə bilərik. Elektrik, təbii qaz və sudan istifadə edən abonentlərin təxminən 40-50 faizi Bakının payına düşür. Bu da onu göstərir ki, Bakı əhalisinin sayı rəsmi statistikada göstəriləndən daha çoxdur".

Ekspert deyib ki, pərakəndə ticarətin yarıdan çoxunun Bakının payına düşməsinin digər səbəblərindən biri də paytaxt sakinlərinin alıcılıq qabiliyyətinin regionlarla müqayisədə daha yüksək olmasıdır:
"Rəsmi statistika pərakəndə ticarət dövriyyəsini dəyər ifadəsində göstərir. Dəyəri yüksək olan məhsullar da əsasən paytaxt Bakıda satılır. Məlum məsələdir ki, varlı insanlar da əsasən paytaxt ərazisində yaşayırlar. Belə olan halda, Bakıda pərakəndə ticarət dövriyyəsinin payı daha çox olur. Bəzən bir varlı insanın Bakıda bir gündə xərclədiyi məbləği hansısa kəndin bütün əhalisi bir ayda belə xərcləmir”.
Mütəxəssis qeyd edib ki, digər bir səbəb böyük alış-veriş mərkəzlərinin də əsasən paytaxt Bakıda yerləşməsidir:
“Xüsusən qeyri-ərzaq mallarının əsas satış mərkəzləri Bakıda cəmləşib. Regionlarda yaşayan bir çox insan bahalı geyim, elektronika və məişət texnikası almaq üçün Bakıya gəlməyə üstünlük verir. Çünki paytaxtda bu cür malların həm çeşidi çoxdur, həm də qiymətlər regionlarla müqayisədə daha aşağı olur.
Eyni zamanda, rəsmi statistika göstərir ki, ölkəyə gələn turistlərin böyük əksəriyyəti vaxtının böyük hissəsini Bakıda keçirir və onların etdiyi alış-verişlərin də əksəriyyəti paytaxtın dövriyyəsinə daxil olur".
Həmsöhbətimiz başqa bir mühüm səbəb kimi bölgələrdə dövriyənin tam şəffaf olmamasıdır:
"Digər mühüm məqam isə regionlarda pərakəndə ticarət dövriyyəsinin qeydiyyatı ilə bağlıdır. Regionlarda ticarət daha çox kiçik dükanlar, kənd təsərrüfatı bazarları və fərdi satıcılar vasitəsilə həyata keçirilir. Bu sahələrdə isə kassa aparatlarından istifadə və dövriyyənin rəsmiləşdirilməsi Bakı ilə müqayisədə daha aşağı səviyyədədir”.
Firuzə Əliyeva
Sfera.az






