Azərbaycanın xarici borcu azalır: "Nə qədər az olsa...”

Azərbaycanın xarici borcu azalır: "Nə qədər az olsa..."
Kateqoriya məlum deyil
T

2025-ci ilin yekununda Azərbaycanda dövlət zəmanətli borcun məbləği 10 milyard 368,4 milyon manata, yaxud ümumi daxili məhsulun (ÜDM) 8%-nə düşüb.
Xatırladaq ki, Azərbaycanda dövlət zəmanətli borcun azalmasının səbəbi xarici borclanmanın aşağı düşməsidir. Azərbaycan son illərdə daxili borclanmanı artırmağı, xarici borclanmanı isə azaltmağı üstün tutur.


Bəs hökumət xarici borclanmanı niyə artırmaq istəmir? Xarici borclanma artarsa, bunun faydalı və zərərli tərəfləri nə olar?


Sfera.az-a bu barədə açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, xarici borc ölkəyə valyuta axını tələb edir və xarici kreditlər adətən daha yüksək risk və sərt şərtlərlə verilir:

 


“Xarici borc artarsa, hökumət gələcəkdə ödənişləri xarici valyuta ilə təmin etməli olur ki, bu da ölkənin maliyyə dayanıqlığını riskə ata bilər. Borclanmanın faydalı tərəfi odur ki, dövlət iqtisadi layihələri maliyyələşdirə, infrastruktur və sosial sahələrdə investisiyaları artıra bilər. Borc vəsaiti ölkə iqtisadiyyatına yönəldildikdə ÜDM-in artımına da dəstək ola bilər”.


İqtisadçının sözlərinə görə, zərərli tərəf isə odur ki, borc çoxaldıqca dövlətin gələcək büdcəsi daha çox borc ödənişlərinə yönəldilir və maliyyə yükü artır:


“Xarici borcun artması ölkəni valyuta riskinə məruz qoyur və iqtisadi böhran zamanı borcun qaytarılması çətinləşə bilər. Ümumilikdə, daxili borclanmanın üstünlüyü hökumətə daha çevik maliyyə idarəçiliyi imkanı verir, amma hər iki növ borcun həcmi və idarə olunması diqqətlə balanslaşdırılmalıdır. Borc nə qədər az olsa, bir o qədər yaxşıdır”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ