Azərbaycanın 20 milyardlıq öhdəliyi reallaşır - EKSPERT

Avropada Azərbaycan qazına olan tələbat getdikcə artır və bir sıra ölkələr daha çox həcmdə təbii qaz tədarükü üçün danışıqları intensivləşdirir. Xüsusilə son illərdə regionda dəyişən geosiyasi vəziyyət və enerji təhlükəsizliyi məsələləri Azərbaycanı Avropa üçün strateji tərəfdaşlardan birinə çevirib.
Bəs Azərbaycan texniki baxımdan Avropaya maksimum nə qədər qaz ixrac edə bilər?
Sfera.az-a bununla bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanın texniki baxımdan yaxın gələcəkdə qaz hasilatını kəskin şəkildə artırmaq imkanlarının məhdud olduğunu bildirib:
“Amma Azərbaycanın qaz habına çevrilməsi imkanları var. Məsələn, Türkmənistan qazını revers üsulu ilə İran ərazisindən alaraq özü üçün istifadə etmək, öz qazını isə Avropaya satmaq mümkündür. 2027-ci ildə Azərbaycanın Avropaya 20 milyard kubmetr qaz çatdırmaq öhdəliyi var”.
İqtisadçının fikrinə əsasən, çox güman ki, bu öhdəliyə nail olmaq mümkün olacaq:
“Boru xətlərinin buraxılış qabiliyyətini nəzərə alsaq, məsələn, TAP boru xətti vasitəsilə Avropaya çatdırılan Azərbaycan qazının həcmini texniki cəhətdən yeni avadanlıqlar quraşdırmaqla təqribən 22 milyard kubmetrə qədər artırmaq mümkündür. Buna görə də 2027-ci ildə 20 milyard kubmetrlik hədəfə, böyük ehtimalla, ilin ortalarına və ya sonuna yaxın çatmaq mümkün olacaq. Bu isə Avropa üçün kifayət qədər böyük həcmdir”.
Fidan Hacızadə
Sfera.az
