Тərəvəzlər davamlı bahalaşır — Səbəb NƏDİR?

Son illər tərəvəz məhsullarının qiymətində davamlı artım müşahidə olunur və yüksək bahalaşma tempi 2024-cü ilin yanvarında da davam edib. 2024-cü ilin ilk ayında tərəvəzlər 3,5 faiz bahalaşıb ki, bu da yüksək qiymət artımıdır.
Qiymətlərin yüksəlməsi nəticəsində əhalinin ərzaq xərclərinin strukturunda da tərəvəzlərin payı xeyli artıb. Hazırda ailə büdcəsində ən böyük xərc məhz bu məhsulların alınmasına yönəlib. İnsanların sağlam qidalanmağa üz tutması, meyvə-tərəvəz kimi məhsullardan istifadəsi çox yaxşı haldır. Lakin qiymətlərin artması haqlı narahatlığa səbəb olub.
Bəs tərəvəzlərin son illərdə bu qədər sürətlə bahalaşmasının əsas səbəbi nədir?

Sfera.az-a bu haqda açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli tərəvəz məhsullarının sürətlə bahalaşmasının əsas səbəblərindən birinin iqlim dəyişiklikləri və qeyri-sabit hava şəraiti olduğunu qeyd edib:
"Quraqlıq, güclü yağıntılar, sel və şaxtalar məhsuldarlığı azaldır, bu da bazarda təklifin azalmasına və qiymətlərin artmasına gətirib çıxarır. Xüsusilə açıq sahədə yetişdirilən məhsullar hava risklərinə daha həssas olur. Digər mühüm amil istehsal xərclərinin artmasıdır. Gübrə, pestisid, yanacaq, suvarma, elektrik enerjisi və əməkhaqqı xərcləri son illərdə yüksəlib. İdxal olunan gübrə və aqrokimyəvi vasitələrin bahalaşması fermerlərin maya dəyərini artırıb. Nəticədə istehsalçılar artan xərcləri kompensasiya etmək üçün satış qiymətlərini qaldırırlar".
Ekspert logistika və nəqliyyat xərclərinin artmasının da qiymətlərə təsir göstərdiyini bildirib:
"Yanacağın bahalaşması və daşınma xərclərinin yüksəlməsi məhsulun tarladan bazara çatdırılmasını daha baha edir. Eyni zamanda saxlama infrastrukturunun kifayət qədər inkişaf etməməsi mövsümi dalğalanmaları gücləndirir və qıtlıq dövrlərində qiymətlər daha kəskin artır. Bəzi hallarda idxaldan asılılıq da rol oynayır. Əgər daxili istehsal tələbatı tam ödəmirsə, idxal olunan tərəvəzlərin qiyməti isə dünya bazarındakı dəyişikliklər və valyuta məzənnəsi ilə formalaşır. Milli valyutanın zəifləməsi idxal məhsullarını daha baha edir və bu da ümumi bazar qiymətlərinə təsir göstərir. Nəhayət, bazarda rəqabətin zəifliyi və vasitəçilərin çoxluğu da qiymət artımını sürətləndirə bilər. İstehsalçı ilə son istehlakçı arasında bir neçə vasitəçi olduqda hər mərhələdə əlavə qiymət qoyulur və nəticədə məhsul daha baha başa gəlir. Bütün bu amillərin birgə təsiri tərəvəzlərin son illərdə davamlı şəkildə bahalaşmasına səbəb olur".
Bəsti Rəfizadə
Sfera.az
