Azərbaycanda qaz istehlakı azalıb - SƏBƏB

Azərbaycanda 2025-ci ildə təbii qaz istehlakının azalması müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, SOCAR-ın ictimailəşdirdiyi məlumata görə, 2025-ci ildə ölkədə qaz istehlakı 13,24 milyard kubmetr təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 3,1 faiz azdır.
İlham Şabanın sözlərinə görə, qaz istehlakının azalması əslində müsbət haldır:
"SOCAR bunu istilik-elektrik stansiyalarında qazdan daha az istifadə ilə izah edib. Onu qeyd edim ki, əvvəllər Azərbaycanda energetik məqsədlər üçün 5–5,5 milyard kubmetr qaz yandırılırdı. Ölkəmizdə 'yaşıl enerji' mənbəli stansiyalardan elektrik istehsalının artması ilə (ötən il təqribən 3,67 milyard kVt/saat), təbii ki, istilik-elektrik stansiyalarında qazdan istifadə də azalıb".

Ekspert hesab edir ki, bu məsələdə daha detallı məlumatlara ehtiyac var:
"Burada hökmən vacibdir ki, 'Azərenerji' ASC-nin nə qədər qaz istehlak etdiyini və 2024-cü illə müqayisədə ənənəvi enerji istifadəsində nə qədər qənaətə nail olunduğunu bilək. Çox təəssüf ki, nə Azərbaycan hökuməti, nə qaz satan, nə də qaz alan ('Azərenerji') bu məlumatı ictimailəşdirmir. Halbuki 'Azərenerji' ASC illər boyu ölkə daxilində ən böyük qaz istehlakçısı olub".
İ.Şaban əlavə edib ki, bu kimi məlumatların açıqlanması Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini də gücləndirə bilər:
"Niyə hətta pozitiv xəbəri belə bölüşmürlər, izah etmək çətindir. Halbuki bu məlumatlar açıqlansaydı, Avropa Komissiyasında, Avropa Parlamentində və digər Qərb qurumlarında Azərbaycanın 'təmiz qaz' ixrac həcmlərinə şübhə ilə yanaşanlara tutarlı arqument təqdim etmək mümkün olardı.
2025-ci ilin yekunlarına görə 'Azəriqaz' İB-nin istehlakçı qrupları üzrə — sənaye, əhali, kommersiya və dövlət qurumları üzrə qaz satışı, yığımı və texniki itkilərlə bağlı məlumatları nə zaman açıqlayacağı da maraq doğurur".
Firuzə Əliyeva
Sfera.az
