ABŞ nəhəngləri Azərbaycana gəlir? - "Kapital axını ola bilər"

Azərbaycanla ABŞ arasında siyasi münasibətlərdə müşahidə olunan müsbət dinamika iqtisadi əməkdaşlıq perspektivlərini də gündəmə gətirib. Xüsusilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu fonda əsas suallardan biri də budur: münasibətlərin yaxşılaşması ABŞ-nin tanınmış şirkətlərinin Azərbaycanın qeyri neft-qaz sektoruna sərmayə qoymasına zəmin yarada bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Allahverdi Aydın bildirib ki, son dövrlər Azərbaycanla ABŞ arasında siyasi dialoqun intensivləşməsi iqtisadi münasibətlərə birbaşa təsir edən amildir.
Xüsusən də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması iki ölkə arasında iqtisadi əlaqələrin güclənəcəyini göstərir.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, dövlətlər arasında siyasi risklər, narazılıqlar azaldıqca iqtisadi əlaqələr genişlənir:
“ABŞ və Azərbaycan münasibətləri əgər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlibsə, bu investorlar üçün risk əmsalını da aşağı salır. Bunlar da onu deməyə əsas verir ki, yaxın dövrlərdə Azərbaycana ABŞ-dən kapital axını baş verə bilər. Biz ABŞ-dən olan investorların dünyada, o cümlədən də region ölkələrində hansı sahələrə maraq göstərdiyinə nəzər salaraq, Azərbaycanla da hansı sahələrdə əməkdaşlıq edə biləcəklərini təxmin edə bilərik. Görünən odur ki, hazırda aqrobiznes, İKT, logistika, alternativ enerji kimi sahələr ABŞ kapitalı üçün həm gəlirlilik, həm də regional çıxış baxımından cəlbedici görünür”.
Ekspert İKT və logistikanın cəlbedici olduğunu qeyd edib:
“Ermənistan ərazisindən keçən TRIPP xəttinin hər iki tərəfində Azərbaycan yer alır. Bu səbəbdən ABŞ şirkətlərinin logistika sahəsində Azərbaycanla əmkdaşlığı qaçılmaz olacaq. İKT sektorunda isə ABŞ şirkətlərin dünyada inhisarçı mövqeyi var və digər ölkələr kimi Azərbaycan da bu sahədə ABŞ ilə əməkdaşlıqda maraqlıdır. Onsuz da Azərbaycan İKT sektorunda dünya nəhəngləri hesab edilən ABŞ şirkətlərilə əməkdaşlıq edir. Neft Fondu “Apple”, “Microsoft”, “Google”, “Amazon”, “NVIDIA” kimi nəhəng şirkətlərin yüzmilyonlarla dollar dəyərində səhmlərini satın alıb”.
A.Aydın ehtimal edir ki, ABŞ Azərbaycan ilə mineral ehtiyatların kəşfiyyatı və hasilatı sahəsində də əməkdaşlığı genişləndirə bilər:
"Xüsusən nəzərə alsaq ki, hazırda da Azərbaycanın bu sahədəki əsas tərəfdaşı ABŞ səhmdarlarına məxsus olan “Anglo Asian Mining” şirkətidir”.
Firuzə Əliyeva
Sfera.az
