Nə qədər borcları var? - RƏQƏMLƏR

Nə qədər borcları var? - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

2026-cı ildə açıqlanan beynəlxalq maliyyə statistikalarına əsasən, dünya ölkələrinin xarici borc göstəriciləri qlobal iqtisadi balansın əsas indikatorlarından biri kimi yenidən diqqət mərkəzinə düşüb.

 

Xarici borc dedikdə dövlət və özəl sektorun xarici kreditorlara, digər ölkələrə, beynəlxalq maliyyə institutlarına və xarici banklara olan ümumi öhdəlikləri nəzərdə tutulur.

 

Sfera.az-ın araşdırmasına əsasən, 2026-cı ilin rəsmi məlumatlarına görə, ən yüksək xarici borc göstəricisi İngiltərəyə məxsusdur. İngiltərənin bütün sektorlar üzrə xarici borcu 11 trilyon ABŞ dolları təşkil edib və bu göstərici ölkəni dünya üzrə birinci yerə çıxarır.

 

İkinci yerdə ABŞ qərarlaşıb. ABŞ-nin 2026-cı il üzrə xarici borcu 10,1 trilyon dollar səviyyəsindədir. Dünyanın ən böyük iqtisadiyyatı və maliyyə mərkəzi kimi ABŞ-də həm dövlət, həm də özəl sektorun geniş beynəlxalq öhdəlikləri mövcuddur.

 

Fransa isə 7,6-7,7 trilyon dollarlıq xarici borcla üçüncü sırada yer alıb. Almaniya və digər böyük Avropa iqtisadiyyatları da yüksək xarici borc göstəricilərinə malikdir, lakin göstərilən ölkələr siyahıda ilk mövqeləri tutur. Almaniyanın borcu 6,8 trilyon dollar təşkil edib. Bu ölkələrdə borcun böyük olması onların inkişaf etmiş maliyyə bazarları və qlobal kapital axınlarında aktiv iştirak etməsi ilə izah olunur.

 

Asiya regionunda Yaponiya 2026-cı il üzrə 5,1 trilyon dollarlıq xarici borcla diqqət çəkib. Maraqlıdır ki, Yaponiya yüksək xarici borca malik olsa da, eyni zamanda böyük həcmdə xarici aktivlərə sahibdir və xalis kreditor ölkə hesab olunur.

 

Çinin xarici borcu isə 2,3-2,4 trilyon dollar olaraq açıqlanıb. Cənubi Koreyanın xarici borcu 740 milyard dollar yaxın təşkil edir ki, bu da ölkənin beynəlxalq maliyyə sistemində aktiv iştirakını göstərir. Hindistanın 2026-cı il üçün xarici borcu tam açıqlanmasa da, ötən ilə olan rəsmi statistikaya əsasən, 736 milyard dollar olaraq qeyd olunub.

 

Rusiya 2026-cı ildə təxminən 305 milyard dollarlıq xarici borc göstəricisinə malikdir. Bu rəqəm böyük Qərb iqtisadiyyatları ilə müqayisədə daha aşağı səviyyədədir. Ukraynanın xarici borcu isə 2025-ci ilin sonuna qədər 213,3 milyard dollar olaraq qalıb. 2024-cü il ilə müqayisədə 29,5 faiz artım deməkdir. 2026-cı il proqnozlarına görə sə 200 milyard dolların üstündə olacağı bildirilib. Bu göstərici ölkənin mövcud iqtisadi vəziyyəti fonunda əhəmiyyətli hesab olunur. Türkiyənin 2026-cı il üzrə xarici borcu təxminən 560 milyard dollar səviyyəsindədir.

 

Azərbaycan isə region ölkələri arasında ən aşağı göstəricilərdən birinə malikdir. 1 yanvar 2026-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 4,8135 milyard ABŞ dolları təşkil edib. Maliyyə Nazirliyi 2026-cı il üçün xarici kredit limitini təxminən 6 milyard manat təyin edib.

 

2026-cı ilin statistik mənzərəsi göstərir ki, inkişaf etmiş və böyük iqtisadiyyatlara malik ölkələrdə xarici borc həcmi daha yüksəkdir. Bununla yanaşı, borcun həcmi ilə yanaşı, onun ÜDM-ə nisbəti və idarəolunma səviyyəsi də ölkələrin maliyyə sabitliyinin əsas göstəricisi hesab olunur.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ