Rusiya niyə ABŞ-Ermənistan sazişindən narahatdır? - AÇIQLAMA

Rusiya niyə ABŞ-Ermənistan sazişindən narahatdır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ötən gün Ermənistan və ABŞ arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə bildirib ki, Ermənistanda yeni atom elektrik stansiyasının blokunun tikintisi ilə bağlı Rusiyanın təkliflərinə “real alternativlər” yoxdur.

 

O əlavə edib ki, Moskva Ermənistanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış etməyə davam etmək niyyətindədir. “Almaniya da daxil olmaqla, bəzi Avropa ölkələrinin təcrübəsi göstərir ki, nüvə enerjisindən imtina milli iqtisadiyyat üçün baha başa gələ bilər”, - deyə Qaluzin vurğulayıb.

 

Maraqlıdır ki, Rusiyanı qıcıqlandıran əsas məqam Ermənistanın ABŞ ilə saziş imzalamasıdır.

 

Bəs, Ermənistan-ABŞ arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinə dair bu sazişi Moskva niyə bu qədər həssas qarşılayır?

 

Bu haqda Sfera.az-a açıqlama verən iqtisadçı İlham Şabanın fikirlərinə görə, məhz Amerikanın vitse-prezidenti Vensin Ermənistana səfəri zamanı Rusiyanı qıcıqlandıran ən böyük məsələ ABŞ ilə Ermənistan arasında nüvə əməkdaşlığına dair memorandumun imzalanmasıdır:

 

 

“Yəni bu sənəd hüquqi öhdəliyi olmayan rəsmi sənəd olsa da, biz görürük ki, Moskva buna necə isterik şəkildə münasibət bildirib. Digər tərəfdən, Ermənistan enerji resurslarına malik olmayan kiçik bir ölkədir və vaxtilə orada fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası elə dövrlər olub ki, Ermənistanın elektrik enerjisi istehsalının 60 faizini təşkil edib. Lakin stansiyanın köhnəlməsi ilə əlaqədar olaraq bu göstərici hazırda təqribən 20-25 faiz səviyyəsindədir və obyekt öz texniki istismar müddətini çoxdan başa vurub”.

 

Ekspert sazişin Ermənistan üçün necə mühüm olduğunu vurğulayıb:

 

“ABŞ-nin Ermənistana verdiyi təklif, üstəlik, layihənin ABŞ tərəfindən maliyyələşdirilməsi imkanları faktiki olaraq Rusiyanın Ermənistana qarşı istifadə etdiyi ən böyük təzyiq alətlərindən birinin aradan qalxması deməkdir. Məhz bu səbəbdən də Moskva okeanın o tayından gələn belə bir təkliflə heç cür razılaşmaq istəmir. İndi əsas sual odur ki, reallıqda proseslər necə inkişaf edəcək və Ermənistan hakimiyyəti dünən imzalanan sənədin icrası üçün hansı addımları atacaq, eləcə də Rusiyanın təzyiqlərini ABŞ ilə birgə dəf edə biləcəkmi?”.

 

Məsələni siyasi aspektdən izah edən politoloq Elçin Xalidbəylinin sözlərinə görə isə, Ermənistan üçün ABŞ ilə enerji sahəsində imzaladığı anlaşma olduqca böyük əhəmiyyət daşıyır. Onun fikrincə, hazırda Ermənistanın enerji resurslarına olan ehtiyacları əsasən Rusiya tərəfindən təmin olunur, ona görə də Ermənistan enerji sahəsində Rusiyadan tamamilə asılı vəziyyətdədir:

 

 

“Təbii ki, bu enerji asılılığına atom enerjisi və nüvə enerjisi də daxildir. Ermənistan atom elektrik stansiyasına Rusiyanın nəzarət edir və oraya zənginləşdirilmiş uranı məhz Rusiya təmin edir. Ancaq son məlumatlara görə, ABŞ və Ermənistan arasında atom enerjisi üzrə də anlaşma imzalanıb və bu, ilk növbədə Rusiyanın Ermənistandakı mövqelərinə sarsıdıcı zərbə xarakteri daşıyır. Çünki birincisi, Rusiya Ermənistanı uran alıcısı kimi itirmiş olacaq. Eyni zamanda, Ermənistanın enerji sektorunda ABŞ-nin mövqeləri möhkəmlənəcək. Ən əsası isə ABŞ yeni atom elektrik stansiyası bloku inşa etmək niyyətindədir və anlaşmada bu da nəzərdə tutulur. Təbii ki, bu, Rusiyanı qıcıqlandıran əsas məsələlərdən biridir, çünki indiyə qədər Ermənistandakı atom elektrik stansiyası məhz Rusiyanın nəzarətində olub. İndi böyük ehtimalla ABŞ-nin inşa edəcəyi atom elektrik stansiyasının bloku istifadəyə verildikdən sonra artıq Sovet dövründən qalmış və istismar müddəti sona çatmış təhlükəli atom elektrik stansiyasının bağlanma ehtimalı ortaya çıxacaq və bununla da Ermənistan və Rusiya arasındakı atom enerjisi üzrə əməkdaşlığın son zənciri də qırılmış olacaq. Yəni, bütün bunları nəzərə alanda aydın olur ki, Rusiya üçün Ermənistanda olduqca ciddi problemlər yaranmağa başlayıb. Ancaq bu problemlər yalnız ABŞ və Ermənistan arasında atom enerjisi üzrə əməkdaşlıqla məhdudlaşmır”.

 

Politoloq burada TRİPP layihəsi üzrə əməkdaşlığın da ön planda yer aldığını və Rusiyanı qıcıqlandıran, narahat edən məsələlər sırasına daxil olduğunu bildirib:

 

“Ermənistan Rusiyanın bu layihədə iştirakına imkan vermək istəmir və eyni zamanda, ABŞ-nin də Rusiyaya hər hansı bir ehtiyacı yoxdur. Ermənistan və Rusiya arasında ortaq qurulacaq şirkət tərəfindən TRİPP layihəsinin idarə olunmasına üstünlük verilir. Bu isə Rusiyanın yalnız Ermənistanda deyil, ümumiyyətlə, Cənubi Qafqazda nəqliyyat və kommunikasiya sektorunda mövqelərinin sıradan çıxarılması ilə nəticələnə bilər. Və əgər bu proses ABŞ-nin himayəsi altında uğurlu nəticələnərsə, bu, Rusiya üçün Ermənistanın tamamilə itirilməsinin real başlanğıcına çevrilə bilər”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ