Kriptovalyutalar ucuzlaşır: Səbəb nədir?

Kriptovalyutalar ucuzlaşır: Səbəb nədir?
Kateqoriya məlum deyil
T

Son aylarda qlobal kriptovalyuta bazarında ciddi dalğalanmalar və dəyər itkisi müşahidə olunur. Uzun müddət yüksək gəlir və alternativ investisiya aləti kimi təqdim edilən kriptovalyutalar hazırda investorlar üçün daha riskli mərhələyə daxil olub. Xüsusilə bazarın lideri hesab olunan və ən bahalı kriptovalyuta statusunu qoruyan "Bitcoin"in qiymətində kəskin ucuzlaşma diqqət çəkir. Belə ki, "Bitcoin" son bir ayda təxminən 22 faiz, son üç ayda isə 32 faiz dəyər itirərək 70 min dollar səviyyəsinə qədər geriləyib. Bəzi iddialara görə kriptovalyutaların ucuzlaşmasının əsas səbəblərindən biri də İranın əlində böyük həcmdə kriptovalyuta ehtiyatlarının olması və onların bazara çıxarılması ehtimalıdır.


Bu fonda əsas sual ortaya çıxır: kriptovalyuta bazarında yaranmış böhran hansı real faktorlarla bağlıdır və bu eniş müvəqqətidirmi, yoxsa daha dərin proseslərin xəbərçisidir?


Suallarımızı cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, kriptovalyuta bazarında dəyərsizləşmə bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır. Onun sözlərinə görə, əsas səbəblərdən biri qlobal maliyyə şəraitinin sərtləşməsidir:


“ABŞ və digər iri iqtisadiyyatlarda yüksək faiz dərəcələri investorları riskli aktivlərdən, o cümlədən kriptovalyutalardan uzaqlaşdırır və pullar daha təhlükəsiz alətlərə yönəlir. Digər mühüm faktor bazarda psixoloji təsirdir. Qiymətlər sürətlə düşəndə panika yaranır, bir çox investor zərəri böyümədən satışa gedir və bu da enişi daha da sürətləndirir. Kriptobazarda qiymətlər böyük ölçüdə gözləntilər və etimad üzərində qurulduğu üçün bu cür davranışlar tez yayılır”.


Sədr qeyd edib ki, tənzimləmə məsələləri də rol oynayır:


“Müxtəlif ölkələrdə kriptovalyutalara nəzarətin sərtləşdirilməsi, vergitutma və ya məhdudiyyətlərlə bağlı xəbərlər bazara mənfi təsir göstərir. Bu, xüsusən institusional investorların bazara daha ehtiyatla yanaşmasına səbəb olur. İranın və ya başqa ölkələrin əlində böyük həcmdə kriptovalyuta olması ilə bağlı iddialar da zaman-zaman səslənir. Belə ehtiyatların bazara kütləvi şəkildə çıxarılacağı qorxusu qiymətlərə təzyiq yarada bilər, amma adətən bu təkbaşına əsas səbəb olmur. Daha çox bu cür iddialar ümumi qeyri-müəyyənliyi artıran əlavə amil kimi çıxış edir. Nəticə olaraq, kriptovalyuta bazarındakı böhran tək bir səbəblə deyil, qlobal iqtisadi şərait, investor davranışı, tənzimləmə riskləri və bazardakı etimadın zəifləməsi ilə bağlı kompleks proseslərin nəticəsidir”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ