Bağlı sərhədlər: İnsanların hansı xərclərini artırıb?

Azərbaycanın quru sərhədləri pandemiya dövründən bu yana bağlı qalması cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın əksər ölkələri pandemiya dövründən sonra məhdudiyyətləri aradan qaldırsa da, Azərbaycan quru sərhədlərinin bağlı saxlamağı lazım bilib.
Bəs sərhədlərin hələ də bağlı qalması iqtisadiyyata necə təsir göstərir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli quru sərhədlərin bağlı saxlanmasının təsadüfi addım olmadığını və dövlətin təhlükəsizliklə bağlı strateji yanaşmasının bir parçası olduğunu bildirib. O, məsələnin çoxşaxəli səbəblərə bağlı olduğunu vurğulayıb:
“Azərbaycanda quru sərhədlərin bağlı qalmasının əsas səbəbləri təhlükəsizlik və ölkənin stabilliyini qoruma məqsədidir. Amma bu sadəcə ümumi ifadə deyil. Burada həm regional geosiyasi gərginliklər, həm qaçaqmalçılıq riskləri, həm də kütləvi miqrasiya axınlarının qarşısının alınması kimi konkret faktorlar dayanır. Dövlət hesab edir ki, sərhədlər tam açıldıqda nəzarət edilə bilməyən proseslər başlaya bilər və bu da ölkənin daxili sabitliyinə zərər vurma ehtimalı yaradır”.

Ekspert sərhədlərin açılması üçün yalnız pandemiya ilə bağlı deyil, həm də regional təhlükəsizliklə əlaqəli şərtlərin formalaşmasının vacibliyini vurğulayıb:
“Hökumət bildirir ki, regionda sabitlik, siyasi gərginliklərin aradan qalxması, sərhəd-keçid məntəqələrində nəzarət mexanizmlərinin gücləndirilməsi əsas şərtlərdir. Azərbaycan yalnız o halda quru sərhədlərini açmağa hazır olacaq ki, həm siyasi, həm hərbi, həm də sosial risklər minimuma ensin. Hazırda isə rəsmi qurumlar konkret tarix açıqlamır”.
A.Nəsirli sərhədlərin bağlı qalmasının iqtisadiyyata təsirləri haqqında da fikirlərini bölüşüb:
“Quru sərhədlərin bağlı qalması iqtisadiyyata mənfi təsir göstərir. Ticarət dövriyyəsi azalır, xüsusən sərhədyanı ticarət demək olar ki, dayanıb. Turist axını zəifləyib, yük və sərnişin daşımalarının böyük hissəsi hava yolları üzərindən həyata keçdiyi üçün xərclər artıb. Biz bütün bu sahələrdə gəlir itkisi görürük. Əgər sərhədlər açılsa, həm ticarət canlanacaq, həm də regionlarda iqtisadi aktivlik yüksələcək”.
İqtisadçı Xalid Kərimli məsələnin başqa bir tərəfinə diqqət çəkərək, cəmiyyətə sərhədlərin niyə bağlı saxlanıldığı ilə bağlı kifayət qədər açıq məlumatın verilməməsi haqqında danışıb:
“Azərbaycan quru sərhədləri bağlı olan tək-tük ölkələrdəndir. Dünyanın böyük hissəsi pandemiya sonrası bütün məhdudiyyətləri aradan qaldırıb, amma bizdə hələ də quru sərhədlər bağlıdır. Ən əsası isə odur ki, sərhədlərin nə zaman açılacağı bəlli deyil. Operativ Qərargah hər üç aydan bir sərhədlərin bağlı qalma müddətini yeniləyir, amma pandemiya artıq yoxdur. Bu, insanlarda sual doğurur”.

X.Kərimli qeyd edib ki, bu siyasət həm iqtisadiyyata, həm də insanların gündəlik həyatına ciddi təsir göstərir:
“Sərhədlərin bağlı qalması həm turizmə, həm ticarətə, həm də vətəndaşların şəxsi xərclərinə ciddi ziyan vurur. Sərhədyanı ticarət sıradan çıxıb, regionların iqtisadi fəaliyyəti zəifləyib. İnsanlar gediş-gəliş üçün çox böyük məbləğlər ödəməyə məcbur olurlar. Çünki yaxın ölkəyə quru yolla getmək mümkün olmadığı üçün insanlar hava nəqliyyatından istifadə edirlər və bu da xərcləri dəfələrlə artırır.
Məsələn, Gəncədən Tiflisə quru yolu ilə getmək 50 dəqiqəyə mümkün olur. Bu qədər məsafəni qət etmək üçün sərnişin 20–30 manat xərc çəkə bilər. Amma sərhəd bağlı olduğundan bir nəfər əvvəl Gəncədən Bakıya gəlməlidir, sonra Bakından Tiflisə uçmalıdır. Bu isə həm vaxt, həm də pul baxımından çox böyük yükdür. Belə vəziyyət insanların həm sosial həyatını, həm də qazanc imkanlarını məhdudlaşdırır”.
Bəsti Rəfizadə
Sfera.az






