195 milyonluq ixrac, 942 milyonluq idxal: Balans necə dəyişəcək?

195 milyonluq ixrac, 942 milyonluq idxal: Balans necə dəyişəcək?
Kateqoriya məlum deyil
T

Özbəkistan 2026-cı ildə Səmərqənddə Mərkəzi Asiya-Azərbaycan investisiya forumunun keçirilməsini təklif edib. Ölkənin investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov Daşkənddə region ölkələrinin və Azərbaycanın ticarət və investisiya nazirlərinin I görüşündə çıxış edərək, mövcud ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə edib. 

 

Mərkəzi Asiya və Azərbaycan arasında ticarət əlaqələrinin indiki ilə müqayisədə daha da artırılması mümkündürmü?


Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 5 Mərkəzi Asiya ölkəsinə 195,3 milyon dollarlıq mal satıb, 942 milyon dollarlıq mal alıb. 

 

Sualımızı cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Özbəkistanın 2026-cı ildə Səmərqənddə Mərkəzi Asiya–Azərbaycan investisiya forumunun keçirilməsi təşəbbüsü region ölkələri arasında iqtisadi inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərir:

 


“Bu fikir Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov tərəfindən Daşkənddə ticarət və investisiya nazirlərinin birinci görüşündə səsləndirilib. Forumun keçirilməsi təkcə simvolik addım deyil, həm də regionun mövcud iqtisadi imkanlarının reallaşması üçün praktik platforma ola bilər”.

 


Onun sözlərinə görə, son illərdə Azərbaycan və Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan arasında diplomatik, siyasi və iqtisadi əlaqələr intensivləşib:

 

"Bu yaxınlaşma ticarətin və investisiya axınlarının artmasına münbit zəmin yaradır. Regional forumlar, biznes görüşləri, hökumətlərarası komissiyalar və iqtisadi əməkdaşlıq sənədləri bu tendensiyanın davamlı olduğunu göstərir. Səmərqənd forumu isə bu istiqamətdə daha strukturlaşdırılmış və institusional əməkdaşlıq modelinin formalaşmasına xidmət edə bilər".

 

Müsahibimizin dediyinə görə, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi son illərdə nəzərəçarpacaq dərəcədə yüksəlib:


“Sənaye məhsulları, kənd təsərrüfatı, tekstil, avtonəqliyyat vasitələri və neft-kimya məhsulları əsas ticarət istiqamətləridir. Özbəkistan və Qazaxıstanla aparılan ticarət xüsusilə dinamikdir və hələ də genişlənmə potensialına malikdir. Azərbaycanın sənaye zonaları, texnoparklar və azad iqtisadi zonalar Mərkəzi Asiya investoru üçün böyük imkanlar yaradır və bu, iki tərəfli investisiya axınlarını artırır. Azərbaycanın coğrafi mövqeyi region üçün strateji əhəmiyyət daşıyır. Xəzər dənizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və beynəlxalq liman infrastrukturu Mərkəzi Asiya ölkələri üçün Avropa bazarlarına çıxışda unikal imkan yaradır. Eyni zamanda, Mərkəzi Asiya məhsullarının Qara Dəniz və Aralıq Dənizi bazarlarına daha sürətli çatdırılması üçün də Azərbaycan mühüm tranzit ölkə kimi çıxış edir. Ticarət dövriyyəsinin artırılması üçün logistika əməkdaşlığı açar rol oynayır və hazırkı vəziyyət bu istiqamətdə geniş inkişaf potensialı göstərir”.

 

A.Nəsirli qeyd etdi ki, Özbəkistan və Azərbaycan arasında sənaye kooperasiyası, xüsusən avtomobil sənayesi, məişət texnikası və tekstil sahəsində genişlənir:

 

“Mərkəzi Asiya ölkələri Azərbaycanın liman, logistika və sənaye infrastrukturunda yatırım imkanları axtarır. Gələcəkdə “Mərkəzi Asiya-Azərbaycan İnvestisiya Fondu” kimi mexanizmlərin yaradılması birgə layihələri daha da sürətləndirə bilər. Səmərqənd forumu belə təşəbbüsləri daha sistemli şəkildə müzakirə etmək və praktiki addımlara çevirmək üçün ideal platforma ola bilər”.

 

Sədr vurğuladı ki, bütün üstünlüklərə baxmayaraq, bəzi maneələr mövcuddur:

 

"Gömrük prosedurlarının müxtəlifliyi, logistika xərclərinin yüksək olması, regionlararası rəqabət (xüsusilə Çin və Rusiya amili) və İnvestisiya mühitində tənzimləmə fərqləri var. Bu problemlər həll edilərsə, tərəflərin qarşılıqlı ticarəti daha da genişlənəcək. Bugünkü göstəricilərlə müqayisədə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələrini əhəmiyyətli dərəcədə artırmaq tam mümkündür. Siyasi iradə, iqtisadi maraqlar və logistika üstünlükləri bu prosesin əsas hərəkətverici qüvvələridir”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR