Neftin qiyməti artacaq? - AÇIQLAMA

Neftin qiyməti artacaq? - AÇIQLAMA

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Rusiyaya qarşı yeni sanksiyalar hazırdır. 

 

Onun sözlərinə görə, məhdudiyyətlərin ilk növbədə Rusiya neft məhsullarının ixracına yönələcək: "Rusiyaya qarşı daha sərt sanksiyalar, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqi artıq hazırdır". 


Yeni sanksiyalar Rusiya iqtisadiyyatına necə təsir edəcək və bunun neft qiymətlərini artırma imkanı nə qədərdir?

 

Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli son üç ildə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bəzən üçüncü ölkələr tərəfindən effektiv şəkildə həyata keçirilmədiyini deyib. 

 

 

İqtisadçının sözlərinə görə, hətta Ermənistan belə bu prosesdə Moskvaya yardım edən dövlətlərdən biri kimi önə çıxır: 


“Təsadüfi deyil ki, son illərdə Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 7 dəfə artıb. Bu artımın sırf bazar qanunlarına əsaslanması mümkün deyil və süni şəkildə baş verdiyi açıq görünür. Ermənistan əsasən əlvan metalların və ikili təyinatlı texnologiyaların alqı-satqısı vasitəsilə Rusiyaya dəstək göstərir”. 

 


Müsahibimiz digər tərəfdən, Hindistanın Rusiyadan aldığı neft məhsullarının sənədlərini dəyişdirərək Avropaya ötürməklə məşğul olduğunu da qeyd edib.
O bildirib ki, əgər yeni sanksiyalar xüsusilə neft və neft məhsullarına qarşı sərt şəkildə tətbiq olunsa, Rusiyanın üçüncü ölkələr vasitəsilə enerji ixracı xeyli çətinləşəcək: 

 


“Bu ehtimal səbəbindən artıq bəzi Çin və Hindistan şirkətləri Rusiyadan neft alımını azaldıb. Son bir ayda yayımlanan rəsmi statistika göstərir ki, hər iki ölkə enerji ehtiyaclarını daha çox Ərəbistan yarımadasından təmin etməyə başlayıb. Tramp ilə Putin arasında baş tutan danışıqlardan sonra Moskvada müəyyən müsbət atmosfer yaranmış, rubl dollar qarşısında dəyər qazanmışdı və 80 rubl civarında sabit qalmışdı. Halbuki, bundan öncə biz dolların 100 rubldan baha satıldığını müşahidə edirdik. Lakin yaxın həftələrdə rublun yenidən dəyər itirməsi gözlənilir”. 


N.Cəfərli vurğulayıb ki, əgər yeni sanksiyalar tətbiq olunarsa, bu, Rusiyanın dövlət büdcəsinə də ciddi təsir göstərəcək:

 

“Büdcədə neft və neft məhsullarının qiyməti müxtəlif kanallarla əks olunur. Həm vergi və aksizlər formasında, həm də neft şirkətlərinin birbaşa ödədiyi haqlar vasitəsilə. Belə bir vəziyyətdə bir neçə ay ərzində Rusiya iqtisadiyyatında kəskin dalğalanmalar, rublun dəyərdən düşməsi və büdcə kəsirinin artması kimi fəsadlar qaçılmaz ola bilər”.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR