"Real Madrid" səfərdə uduzub

İspaniya La Liqasının 26-cı turunda “Xetafe” səfərdə “Real Madrid”i 1:0 hesabı ilə məğlub edib.
Sfera.az xəbər verir ki, qarşılaşma Madriddə baş tutub. Oyunda yeganə qolu 39-cu dəqiqədə Martin Satriano vurub. Əlavə vaxtda hər iki komanda azlıqda qalıb. Belə ki, “Real Madrid”dən Franko Mastantuono, “Xetafe”dən isə Adrian Liso qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. Madrid təmsilçisinin fransalı hücumçusu Kilian Mbappe zədə səbəbindən oyunu buraxıb.
Futbolçuya diz bağlarının burxulması diaqnozu qoyulub. Bununla da “Real Madrid” cari mövsümdə ardıcıl ikinci məğlubiyyətini alıb. Komanda ötən turda “Osasuna”ya 0:2 hesabı ilə uduzmuşdu. Hazırda madridlilər turnir cədvəlində 60 xalla ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan dörd xal geri qalır. “Xetafe” isə xalını 32-yə yüksəldərək 11-ci pilləyə qalxıb. Qeyd edək ki, növbəti turda “Real Madrid” martın 6-da səfərdə “Selta”nın qonağı olacaq. “Xetafe” isə martın 8-də doğma meydanda “Betis”i qəbul edəcək.
Niyaz Hacıyev
Sfera.az
