Bu ölkələr iki qitədə yerləşir

Dünya xəritəsində elə dövlətlər var ki, onların ərazisi eyni vaxtda iki qitəyə yayılır və bu xüsusiyyət həmin ölkələrə həm siyasi, həm də iqtisadi baxımdan xüsusi status qazandırır.
Sfera.az xəbər verir ki, Avropa və Asiya arasında yerləşən qardaş ölkə Türkiyə Bosfor və Dardanel boğazları vasitəsilə qitələri birləşdirərək beynəlxalq nəqliyyat və enerji marşrutlarında mühüm rol oynayır. Eyni zamanda, dünyanın ən böyük ərazili dövləti olan Rusiya həm Avropa, həm də Asiya regionlarında təsir imkanlarına malikdir.
Cənubi Qafqazda yerləşən Azərbaycan və Gürcüstan da coğrafi baxımdan iki qitənin kəsişmə nöqtəsində qərarlaşaraq enerji və nəqliyyat layihələrində körpü funksiyası yerinə yetirir. Azərbaycan torpaqlarının 1/16 hissəsi Avropa qitəsinin hüdudları daxilində yerləşir. Bundan başqa, Qazaxıstanın bir hissəsinin Avropa ərazisinə daxil olması ölkəyə həm Avropa, həm də Asiya bazarlarına çıxış imkanı yaradır. Asiya və Afrika qitələrində yerləşən əsas dövlət isə Misir hesab olunur. Sinay yarımadasının Asiyada, digər ərazilərinin isə Afrikada yerləşməsi bu ölkəni iki qitənin strateji kəsişmə nöqtəsinə çevirib. Xüsusilə Süveyş kanalı vasitəsilə dünya dəniz ticarətinin mühüm hissəsi məhz bu marşrutdan keçir.
Qeyd edək ki, iki qitədə yerləşən dövlətlər tranzit imkanları, enerji dəhlizləri və geosiyasi mövqeləri sayəsində qlobal proseslərdə daha aktiv rol oynayırlar. Bu ölkələrin balanslı xarici siyasəti isə regional sabitlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Niyaz Hacıyev
Sfera.az
