“Qarabağ”ın oyunçularının dəyəri - “Nyukasl"la müqayisə oluna bilərmi?

“Qarabağ” futbol komandası fevralın 18-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl Yunayted” komandası ilə mühüm görüşə çıxacaq.
İngiltərə Premyer Liqasının nəhəngi olan “Nyukasl” dünya futbolunda böyük büdcəsi və bahalı legionerləri ilə tanınır. Klubun 2024-2025-ci il mövsümündə gəliri 455 milyon dollardan çox olub. "Qarabağ" gəlirinə görə ingilis klubu ilə müqayisəyə gələ bilməz. Klubun illik büdcəsi təxminən 20 milyon dollardır. Maliyyə resursları baxımından rəqibinə xeyli uduzsa da, "Qarabağ" az imkanla yaxşı komanda nümunələrindən birinə çevrilib.
Bəs hazırda "Qarabağ"ın ən bahalı oyunçuları hansılardır?
Sfera.az bununla bağlı kiçik araşdırma aparıb.
Araşdırmaya əsasən, "Qarabağ"da ən yüksək bazar dəyərinə malik oyunçu Leandro Andrade hesab olunur.
Onun futbolçu dəyəri 3 milyon avrodur. Andrade “Qarabağ” tarixindəki rekord bazar dəyərinə malik oyunçudur.
Kadi Borges də dəyərli oyunçulardandır. Onun transfer dəyəri 2,5 milyon avro səviyyəsində qiymətləndirilib. "Qarabağın" digər bahalı oyunçusu qapıçısı Mateus Koxalskidir. Koxalskinin oyunçu dəyəri 2 milyon avro səviyyəsindədir.
Yarımmüdafiə və hücum xəttindəki oyunçular da yüksək bazar dəyəri ilə diqqət çəkib. Oleksiy Kaşçuk və Toral Bayramovun hər biri üçün 1,80 milyon avro dəyər təyin olunub. Komandanın digər aparıcı oyunçuları isə Elvin Cəfərquliyev, Pedro Biçalho və Emmanuel Addaidir ki, onların da hər birinin bazar dəyəri 1,50 milyon avro təşkil edir.
Bununla yanaşı, müdafiə və yarımmüdafiədəki digər dəyərli oyunçular Mateus Silva və Bəhlul Mustafazadə üçün 1 milyon avro qiymət müəyyənləşdirilib. Beləliklə, “Qarabağ” həm liqada, həm də bazar dəyəri baxımından Azərbaycan futbolunun lider klublarından biri olsa da, bu baxımdan "Nyukasl"la müqayisəyə gələ bilməz.
Bəsti Rəfizadə
Sfera.az
