Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO

Ötən gecə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Sfera.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə nazirlyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Aqua” markalı minik avtomobilinin idarəetməni itirərək beton pilləyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Əmrah Zaur oğlu Baxşəliyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.






