Yaponiya daşqınlarla mübarizə aparır - FOTO

Yaponiyada güclü yağışlar həyatı iflic edib. İşikava və Toyama prefekturalarında yaşayan 394 min 420 nəfərdən evlərini tərk etmələri istənilib. Rekord səviyyədə yağıntılar bir sıra bölgələrdə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Sfera.az xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) ən yüksək risk səviyyəsini ifadə edən “5-ci səviyyə şiddətli yağış xəbərdarlığı” verdiyi İşikava və Toyama prefekturalarında rekord miqdarda yağış yağıb.
Güclü yağışlar nəticəsində bir çox ərazidə daşqınlar, çayların məcrasından çıxması və torpaq sürüşmələri baş verib. Bəzi yollar və dəmir yolu xətləri zədələndiyindən nəqliyyatda fasilələr yaranıb.
Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi (FDMA) yağışlar səbəbilə İşikava və Toyama prefekturalarında yaşayan ən azı 394 min 420 nəfərə təxliyə xəbərdarlığı edildiyini açıqlayıb.
İlkin məlumatlara görə, təbii fəlakətlər nəticəsində ölən və yaralanan olmayıb. Bölgələrdə dəymiş ziyanın müəyyənləşdirilməsi davam edir.
Yaponiyanın Çiba prefekturasında avqustun 13-nə keçən gecə yağan rekord yağışlar nəticəsində baş verən sel fəlakətində azı 13 nəfər həyatını itirmişdi.
Həmin hadisə zamanı ən azı 2 314 tikili və 2 700 avtomobilin su altında qaldığı bildirilmişdi.
İradə Elsevər








