Astaranı silkələyən hadisə: qayınata nəvələrinin gözü önündə… – VİDEO

Astaranı silkələyən hadisə: qayınata nəvələrinin gözü önündə… – VİDEO
Kateqoriya məlum deyil
T

Astaranın Pəlikeş kəndində qayınatanın gəlinini iki azyaşlı uşağının gözü qarşısında döydüyünü əks etdirən görüntülər yayılıb. Sözügedən hadisə sosial şəbəkələrdə böyük rezonans doğurub.

Sfera.az xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum məsələdən xəbərdardır:

“Bəli, belə bir olay baş verib. Hadisədən sonra gəlin və onun ailəsi polisə müraciət edib. Qayınata məhkəmənin qərarı ilə 12 sutka inzibati həbs cəzası çəkib. Hazırda isə gəlin atasının evində qalır. Əri də vaxtaşırı onun yanına gedib-gəlir. Tərəflər arasında belə bir razılıq əldə olunub ki, kürəkən ayrıca kirayə ev tutsun, daha sonra isə ər-arvad həmin evdə birlikdə yaşasınlar”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, həmin şəxs törətdiyi əmələ görə məsuliyyətə cəlb olunub:

“Ağır xəsarət yetirilmədiyi və hadisə daha ağır nəticələrə səbəb olmadığı üçün qanunvericiliyə uyğun inzibati cəza tətbiq edilib. Hüquq-mühafizə orqanları operativ reaksiya verib və şəxs öz əməlinə görə cəzalandırılıb.

Məsələnin ikinci tərəfi də var. Burada artıq yerli icra hakimiyyəti və aidiyyəti sosial xidmət qurumları prosesə daha fəal qoşulmalıdır. Ailə ilə sosial iş aparılmalı, psixoloji dəstək göstərilməli, vəziyyət kompleks şəkildə qiymətləndirilməlidir. Risk faktorları müəyyən edilməli, hadisənin kökündə hansı səbəblərin dayandığı araşdırılmalıdır”.

mehriban

M.Zeynalova hadisənin uşaqların gözü qarşısında baş verməsinə də fikir bildirib:

“Burada yalnız qadının deyil, uşağın vəziyyəti də diqqətlə araşdırılmalıdır. Fikrimcə, hər hadisədə ilk çıxış yolu ailəni sığınacağa yerləşdirmək olmamalıdır. Əsas məqsəd, ailənin yaşadığı mühitdə reabilitasiya prosesini təşkil etmək, vəziyyəti yerində qiymətləndirmək və problemlərin aradan qaldırılması üçün peşəkar dəstək göstərməkdir. Əgər ailə üzvləri öz aralarında sağlam ünsiyyət qura bilmirlərsə, bu prosesə psixoloqlar, sosial işçilər və digər mütəxəssislər cəlb olunmalıdır. Onlar ailədə baş verən hadisələrin səbəblərini araşdırmalı və həmin problemlərin aradan qaldırılması üçün fərdi müdaxilə planı hazırlamalıdırlar”.

N.Zeynalova qeyd edib ki, istənilən halda ailə üzvləri ilə ayrı-ayrılıqda söhbətlər aparılmalı, hər bir tərəfin mövqeyi dinlənilməlidir:

“Aidiyyəti qurumların vaxtında müdaxiləsi əksər hallarda müsbət nəticə verir. Doğru qərar qəbul etmək üçün bütün tərəflərlə danışılmalı, vəziyyət hərtərəfli qiymətləndirilməlidir. Çox istərdim ki, yerli icra hakimiyyətləri və aidiyyəti sosial xidmət qurumları bu istiqamətdə üzərlərinə düşən missiyanı daha fəal şəkildə yerinə yetirsinlər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR