Luvr muzeyində növbəti insident: Bu dəfə...

Fransanın paytaxtı Parisdə yerləşən dünyaca məşhur Luvr muzeyi və Versal sarayında genişmiqyaslı dələduzluq faktı üzə çıxıb. Paris Prokurorluğunun apardığı istintaq nəticəsində təxminən 10 il davam etdiyi bildirilən və bilet satışlarını hədəf alan mütəşəkkil şəbəkə ifşa edilib.
Sfera.az xəbər verir ki, rəsmi məlumata görə, muzeyə dəyən zərər 10 milyon avronu ötüb.
Əməliyyat çərçivəsində aralarında muzey əməkdaşlarının və tur bələdçilərinin də olduğu 10 nəfər saxlanılıb.
Araşdırma 2024-cü ildə çinli bələdçi cütlüklə bağlı daxil olan şikayətdən sonra başlanıb. İddialara görə, həmin şəxslər eyni bileti müxtəlif turistlərə sataraq qanunsuz gəlir əldə ediblər. Onların muzey əməkdaşlarına yoxlamalar zamanı biletlərin təkrar istifadə edildiyini gizlətmək üçün nağd pul təklif etdikləri bildirilib.
Hüquq-mühafizə orqanlarının apardığı izləmə və dinləmə tədbirləri nəticəsində biletlərin sistemli şəkildə yenidən dövriyyəyə buraxıldığı təsdiqlənib.
Əməliyyat zamanı 957 min avro nağd pul və müxtəlif bank hesablarında saxlanılan 486 min avroya həbs qoyulub. İstintaq materiallarında qeyd olunur ki, dələduzluq yolu ilə əldə edilən vəsaitin bir hissəsi Fransa və Dubayda daşınmaz əmlaka yatırılıb.
Paris Prokurorluğu bildirib ki, mütəşəkkil sxem təxminən 10 il davam edib və bu müddət ərzində Louvre Muzeyinə dəyən zərər 10 milyon avronu keçib.
Bu qalmaqal artıq müxtəlif problemlərlə üzləşmiş muzey üçün növbəti böhran kimi qiymətləndirilir. Daha əvvəl təhlükəsizlik insidentləri, texniki nasazlıqlar və əməkdaşların tətil aksiyaları da muzeyin fəaliyyətinə təsir göstərmişdi.
Bəsti Rəfizadə
Sfera.az
