Çin də təzyiqlərə qoşulur: Ukraynanın vəziyyəti ağırlaşacaq?

Çin də təzyiqlərə qoşulur: Ukraynanın vəziyyəti ağırlaşacaq?
Kateqoriya məlum deyil
T

ABŞ, Çin və Rusiya liderlərinin mümkün görüşü ilə bağlı müzakirələr diqqət çəkir. Dünyanın üç böyük gücünü bir araya gətirə biləcək belə bir görüşün baş tutacağı təqdirdə, əsas müzakirə mövzularının nələr olacağı maraq doğurur.

Politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ, Çin və Rusiya dünyanın hərbi baxımdan ən güclü dövlətləri sırasındadır. İqtisadi güc baxımından isə ABŞ və Çin supergüc hesab olunur.

Bu ölkələrin müzakirə edəcəyi enerji, ticarət və Tayvan məsələsi kimi çoxsaylı mövzular olsa da, politoloq hesab edir ki, onların gündəliyində Ukrayna məsələsi xüsusi yer tutacaq.

Ekspertin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Rusiyanın mövqeyinə yaxınlaşması və Ukraynaya təzyiqlərin artması, eləcə də Avropa İttifaqının Kiyevə tələb olunan yardımı göstərməkdə çətinlik çəkməsi Ukraynanın vəziyyətini mürəkkəbləşdirir:

“Bu təzyiqlərə Çinin də qoşulması, təbii ki, Prezident Volodimir Zelenskinin vəziyyətini xeyli ağırlaşdıracaq. Ukrayna Prezidenti müəyyən güzəştlərə hazır olduğunu, hətta atəşkəs əldə ediləcəyi təqdirdə iki ay ərzində seçki keçirməyə razı olduğunu bildirib. Lakin Rusiyanın uzunmüddətli atəşkəsə razılıq verməməsi prosesi çətinləşdirir”.

Politoloq Rusiyanın yalnız seçki günü atəşkəsə razılıq vermək mövqeyinə də diqqət çəkib. Onun fikrincə, Rusiyada keçirilən seçkilərin mahiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətdə ciddi suallar mövcuddur və belə bir yanaşma Ukraynada seçkilərin keçirilməsi məsələsini daha da mürəkkəbləşdirir:

“ABŞ, Çin və Rusiya liderlərinin mümkün görüşündə Ukrayna müharibəsinin dayandırılması və sülh sazişinin imzalanması üçün əlavə yolların axtarılması əsas istiqamətlərdən biri olacaq. Bununla belə əldə olunacaq razılaşmalar Ukraynanın vəziyyətini yüngülləşdirmək əvəzinə, Kiyevə əlavə təzyiqlər yaradacaq”.

A.Səmədov Çin və ABŞ tərəfindən irəli sürülmüş sülh təşəbbüsləri arasında müəyyən oxşarlıqların olduğunu da deyib. Onun fikrincə, Çin daha əvvəl sülh sazişi ilə bağlı təklif irəli sürsə də, Ukrayna həmin təklifi qəbul etməyib:

“Çinin sülh təşəbbüsü ilə ABŞ Prezidentinin irəli sürdüyü 28 bəndlik təklif tam üst-üstə düşməsə də, onların arasında bir sıra ortaq məqamlar var. Eyni zamanda, Rusiyanın tələbləri də bu təkliflərlə müəyyən oxşarlıqlar təşkil edir. Bu üç dövlətin mövqelərinin yaxınlaşdığı əsas istiqamət sülh sazişi məsələsidir”.

Onun fikrincə, mümkün danışıqlarda bu ortaq məqamların ön plana çıxması Ukrayna müharibəsinin həlli ilə bağlı yeni diplomatik müzakirələrə yol aça bilər. Politoloq dedi ki, lakin belə bir prosesin hansı şərtlərlə nəticələnəcəyi və Ukraynanın maraqlarının nə dərəcədə nəzərə alınacağı hələlik qeyri-müəyyən olaraq qalır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR