Uşağın geyiminə kim qərar verməlidir? - Psixoloqdan AÇIQLAMA
Uşaqların geyim seçiminə valideyn müdaxiləsi və bunun onların psixoloji inkişafına təsiri son zamanlarda cəmiyyətdə müzakirə olunan məsələlərdən birinə çevrilib.
Bəzi valideynlər uşaqların geyim seçimini tamamilə öz nəzarətində saxlayır, digərləri isə onların istəklərinə daha çox üstünlük verir. Xüsusilə məktəbəqədər və məktəb yaşlı uşaqların müəyyən rənglərə, geyim tərzinə və konkret paltarlara maraq göstərməsi valideynlərlə fikir ayrılıqlarına səbəb ola bilir.
Bəzi valideynlər isə lap erkən yaşlardan uşağın geyim tərzinə radikal yanaşır, hətta 3-4 yaşlı qız uşaqlarına belə, hicab geyindirirlər.
Bəs uşağın geyim seçimi ilə bağlı qərarlarda onun öz istəyi nə dərəcədə nəzərə alınmalıdır?
Mövzu ilə bağlı psixoloq Rövşən Nəcəfov Sfera.az-a açıqlamasında bildirib ki, uşağın öz istəyi olmadan hicab geyinməyə yönləndirilməsi onun şəxsi sərhədlərinin pozulmasına və müstəqil iradəsinin formalaşmasına mane ola bilər.

Onun sözlərinə görə, uşaq məktəbdə yaşıdlarından fərqləndirildikdə sosial təzyiq, utanc, təcrid və daxili konflikt yaşaya bilər və valideyninin qınağından qorxan uşaq öz istəyini ifadə etməkdən çəkinə, şəxsi seçimi əvəzinə itaət etməyə üstünlük verə bilər.
R.Nəcəfov qeyd edib ki, valideynin öz inancına sahib olması uşağın iradəsini həmin inancın davamına çevirmək hüququ vermir.
Onun fikrincə, uşağın istəyi nəzərə alınmadan geyim seçiminin müəyyənləşdirilməsi uşağın bədəni və şəxsiyyəti üzərində nəzarətə çevrilə bilər:
“Valideyn öz inancına sahibdir, amma uşağın iradəsini öz inancının davamına çevirmək hüququna malik deyil. Məcburiyyətlə yaradılan davranış inanc deyil, itaətdir”.
Psixoloq deyib ki, uşağın müstəqil qərarvermə bacarığı erkən yaşlardan inkişaf etməyə başlayır:
“Bu bacarığın formalaşması üçün uşağa sual vermək, düşünmək və seçim etmək imkanı yaradılmalıdır. Uşağın əvəzinə bütün qərarların verilməsi onun müstəqil şəxsiyyət kimi formalaşmasına mane ola bilər. Təhsilin əsas məqsədi uşağa kor-koranə itaət etməyi deyil, düşünməyi, təhlil aparmağı və qərarlarının məsuliyyətini daşımağı öyrətmək olmalıdır”.
R.Nəcəfov hesab edir ki, məsələ yalnız hicab seçimi ilə məhdudlaşmır, eyni zamanda təhsilin və dövlətin gələcəyə baxışı ilə bağlıdır. Onun fikrincə, cəmiyyətin inkişafı savadlı, tənqidi düşünən və müstəqil qərar verə bilən nəslin yetişdirilməsindən asılıdır:
“Uşağın gələcəyini onun əvəzinə seçmək valideynlik səlahiyyəti deyil. Valideynin vəzifəsi uşağı özünün surətinə çevirmək yox, onun müstəqil şəxsiyyət kimi formalaşmasına şərait yaratmaqdır”.
İradə Elsevər
Sfera.az






