Hərbçilərin maaş mexanizmi dəyişir – Yeni qaydalar kimlərə şamil olunacaq?

Hərbçilərin maaş mexanizmi dəyişir – Yeni qaydalar kimlərə şamil olunacaq?
Kateqoriya məlum deyil
T

Azərbaycanda hərbi qulluqçuların maaşlarının hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Sentyabrın 30-da Milli Məclisdə müzakirə edilən layihəyə əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi nəzərdə tutulur. Yeni sistemdə rütbə maaşı və müxtəlif əlavələrin əsas götürülməsi planlaşdırılır.

Hərbi ekspert Üzeyir Cəfərov Sfera.az-a açıqlamasında bildirib ki, təklif yalnız Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsindən ibarət deyil.

Onun sözlərinə görə, söhbət bütövlükdə Silahlı Qüvvələrin şəxsi heyətinə tətbiq ediləcək yeni maaş sistemindən gedir:

“Bu dəyişiklik bütövlükdə Silahlı Qüvvələrin şəxsi heyətinə tətbiq ediləcək maaş sistemini əhatə edəcək. Eyni yanaşmanın Silahlı Qüvvələrin tərkib hissəsi olan digər birləşmələrə də şamil edilməsi nəzərdə tutulur”.

Ekspert qeyd edib ki, əvvəlki qərarlarda Müdafiə Nazirliyi ilə yanaşı, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla bağlı müəyyən fərqlər yaranıb:

“Vaxtilə yalnız Müdafiə Nazirliyinin hərbi qulluqçularını əhatə edən bəzi təminat məsələləri ilə bağlı sonradan Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qoşun birləşmələrinin də eyni hüquqlardan yararlanması məsələsi gündəmə gətirilib. Bunun əsaslandırılması isə həmin qurumların da ölkənin müdafiəsində iştirak edən Silahlı Qüvvələrin tərkib hissəsi olması ilə bağlı olub”.

Ü.Cəfərov yeni maaş sisteminin tətbiqindən əvvəl mümkün nəticələrin və müxtəlif modellərin ətraflı təhlil edilməsinin vacib olduğunu vurğulayıb:

“Hesab edirəm ki, yeni sistem tətbiq edilməzdən əvvəl müxtəlif modellər müqayisə edilməli, Silahlı Qüvvələrin bütün strukturlarının xüsusiyyətləri nəzərə alınmalı və ən səmərəli mexanizm müəyyənləşdirilməlidir. Bu yanaşma gələcəkdə yarana biləcək sualların və problemlərin qarşısının alınmasına imkan verə bilər”.

Ekspert hərbi qulluqçuların rütbəsi, xidmət yeri və xidmət şəraiti ilə bağlı nəzərdə tutulan dəyişikliklərə də münasibət bildirib. O, bu istiqamətdəki yenilikləri müsbət qiymətləndirsə də, tətbiq zamanı yarana biləcək məsələlərin əvvəlcədən nəzərə alınmasının vacibliyini qeyd edib:

“Yeni mexanizmin tətbiqi zamanı müəyyən məqamların ətraflı nəzərdən keçirilməsinə ehtiyac var. Rütbə maaşı, əlavələr və digər xidmət göstəriciləri əsasında formalaşacaq sistem hərbi qulluqçular üçün əlavə suallar yaratmamalıdır. Bu baxımdan, yeni mexanizmin ədalətli, şəffaf və sosial təminatı yaxşılaşdıran formada tətbiqi vacibdir”.

Əsas müzakirə mövzusu yeni mexanizmin Silahlı Qüvvələrin müxtəlif strukturlarına necə tətbiq olunacağı, rütbə, xidmət yeri və xidmət şəraitinin əməkhaqqına necə təsir göstərəcəyi və sistemin hərbi qulluqçular üçün əlavə suallar yaratmadan necə həyata keçiriləcəyidir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR