İrana sanksiyalar narkotrafiki alovlandırır? - Ekspert xəbərdarlığı

İrana sanksiyalar narkotrafiki alovlandırır? - Ekspert xəbərdarlığı
Kateqoriya məlum deyil
T

Rəsmi məlumatlara əsasən, Azərbaycanda 8 ayda 208 milyon manatlıq narkotik aşkarlanıb. Əvvəlki illərlə müqayisədə ölkəmizdə qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həm həcmində, həm də maddi dəyərində kəskin artım qeydə alınıb.

Qeyd edək ki, aşkarlanan narkotik vasitələrin böyük hissəsi Azərbaycana xaricdən gətirilir. Ölkəmizə ən böyük ixracatçı kimi isə İranın adı çəkilir. Xarici mediada yayılan bəzi iddialara görə, son aylarda İrana qarşı sərt sanksiyaların tətbiq olunması İrandan neft və digər məhsulların ixracını çətinləşdirib. Məhz bu vəziyyətin İranı daha çox narkotik ixracına məcbur etdiyi iddia edilir.

Bəs belə vəziyyətdə İrandan xaricə, o cümlədən Azərbaycana daha çox narkotik vasitələrin ixracı ehtimalı varmı?

Politoloq Natiq Miri Sfera.az-a açıqlamasında İrandan Azərbaycana narkotik vasitələrin qanunsuz keçirilməsi və bunun cəmiyyətə yaratdığı təhlükələr barədə danışıb.

N.Miri deyib ki, narkotik dövriyyəsi qeyri-rəsmi və cinayət tərkibli fəaliyyət olmaqla, qlobal şəbəkələrlə əlaqəli məsələdir. O bunun cəmiyyət üçün ciddi təhlükə yaratdığını da dedi.

Politoloq qeyd edib ki, hazırda İrandan Azərbaycana narkotik dövriyyəsinin artması müşahidə olunur. Onun fikrincə, bunu “ixrac” adlandırmaq düzgün deyil, çünki söhbət rəsmi ticarətdən deyil, qanunsuz dövriyyədən gedir:

“Qeyri-rəsmi məlumatlara əsasən, İranın İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH narkotik dövriyyəsindən böyük məbləğdə gəlir əldə edir. Mövcud sanksiyalar fonunda bu cür maliyyə mənbələrinə ehtiyacın artması narkotik dövriyyəsinin də genişlənməsinə səbəb ola bilər”.

Politoloq bildirib ki, bu vəziyyət Azərbaycan sərhədçiləri, gömrükçüləri, hüquq-mühafizə orqanları və bütövlükdə cəmiyyət qarşısında böyük məsuliyyət yaradır:

“Hər bir gözardı edilən, buraxılan narkotik bir ailəni, sonra da bir cəmiyyəti məhv edir. Narkotiklə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin mübarizə obyektinə çevrilməlidir”.

Qeyd edək ki, sentyabrın 10-da DSX İran istiqamətindən Azərbaycana 84,3 kiloqram narkotik vasitə və 3000 ədəd metadon həbinin keçirilməsinin qarşısının aldığını açıqlayıb. Sentyabrın 11-də isə daha 65,5 kiloqram narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR