Sentyabrda Bakı yollarında vəziyyət necə olacaq? - Ekspertdən PROQNOZ

Dərs ilinin başlamasına sayılı günlər qaldıqca Bakıda nəqliyyat sıxlığı ilə bağlı narahatlıqlar da artır.
Xüsusilə metroda yaranmış məhdudiyyətlər fonunda minlərlə sərnişinin yerüstü nəqliyyata və şəxsi avtomobillərə yönəlməsi paytaxt yollarında vəziyyəti daha da gərginləşdirə bilər.
Bəs dərslər başlayandan sonra Bakıda nəqliyyat sıxlığı hansı səviyyəyə çatacaq? Ən çox hansı ərazilərdə və hansı saatlarda tıxac gözlənilir? Pik saatlarda yaranacaq sıxlığın qarşısını almaq üçün hansı alternativ tədbirlər görülməlidir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Sfera.az-a açıqlama verib. O bildirib ki, hər il dərs ili başlayanda bu, Bakı üçün bir sınaq imtahanı olur və həmin günlərdə sıxlıq daha çox yaşanır:

“Formalaşmış bir ənənə var – birinci sinfə gedən uşaqlar demək olar ki, ailənin bir neçə üzvü tərəfindən yola salınır, daha çox onlar fərdi nəqliyyatla hərəkət edir. Amma düşünürəm ki, ümumi olaraq Bakıda son illərdə nəqliyyatın, mobilliyin transformasiyası proqramı çərçivəsində silsilə işlər görülüb. İlkin olaraq daha tez nəticə verən həllər və artıq daha çox investisiya tələb edən layihələrə başlanılıb. Bu da relsli nəqliyyat növlərinin inkişafıdır. Bu layihələrin icrası tamamlandıqdan sonra mobilliyimizdə daha rahat bir vəziyyət müşahidə edəcəyik. Yəni məsafəyə uyğun təkliflər daha da çoxalacaq”.
Ekspert sentyabrda birmənalı olaraq sıxlığın müşahidə olunacağını qeyd edib:
“Hər il sentyabrın 15-də bu sıxlıq müşahidə olunur, amma 2022-ci ildən bəri artıq biz müşahidə edirik ki, avtobusların sayı artırılır. Növbəti il üçün, yəni hazırda metroda görülən layihə məhz daha sürətli hərəkətin təmin olunması yönündə verilmiş qərardır. Mövcud şəbəkənin daha sağlam işləməsi və minimum intervalla hərəkətin təmin edilməsi üçün bu, doğru verilmiş qərardır. Bunu anlayışla qarşılamalıyıq. “28 May” ilə “Nizami” arasındakı 200 metrlik tunelin tikintisi dövründə Yaşıl xəttin bu hissəsi bağlı qalacaq və ekspres xətlər açılıb. Bu ekspres xətlərlə hərəkət təmin olunub. Düşünürəm ki, buna kimi formalaşmış vərdişlərimiz də korrektə olunacaq və dəyişəcək. Şəhərin mərkəzində təxirə salınmadan piyada infrastrukturu abadlaşdırılmalıdır. Svetoforlu və zebra keçidlərin sayı artırılmalıdır ki, insanlar şəhər mərkəzinə fərdi nəqliyyatla gəlməkdənsə, piyada məsafəni qət etmək üçün imkanlara sahib olsunlar. Bu imkanlar yarandıqca insanlar müəyyən məsafəni ictimai nəqliyyatla, digər məsafəni isə piyada hərəkət edəcəklər. Bu da indiyə qədər formalaşmış vərdişlərin dəyişməsinə zəmin yaratmış olacaq".
Ekspert cəmiyyətin mövcud duruma adaptasiya olacağını da qeyd edib:
"Onsuz bizim vərdişlərimiz dəyişəcək, amma daha sürətli keçidi təmin etmək üçün bu növ layihələrin sürətli icrasını təmin etməliyik. Digər tərəfdən, bacardıqca ilk dərs günündə fərdi nəqliyyatla gəlməkdənsə, ictimai nəqliyyatdan istifadə edilsin və məktəblərin yerləşdiyi məkanlarda valideynlər də, uşaqların qohumları da bunu anlayışla qarşılasın. Bacardıqca böyük bir dəstə halında gəlməməyə çalışmalıdırlar. Yəni bu məsələlərin hamısı bir-biri ilə bağlıdır. Növbəti illərdə artıq hiss olunan dəyişiklikləri biz görəcəyik. İctimai nəqliyyatımız mərhələli şəkildə qarşısındakı problemləri aradan qaldırır və hərəkətliliyimiz dəyişir. Fərdi nəqliyyatdan daha çox ictimai nəqliyyata keçid hər gələn il daha da artacaq”.
Bəsti Rəfizadə






