Tanışlıq tətbiqlərində yalanlara ən çox kimlər dözümlüdür?

Tanışlıq tətbiqlərində yalanlara ən çox kimlər dözümlüdür?
Kateqoriya məlum deyil
T

Tanışlıq tətbiqlərinin istifadəçiləri qarşı tərəfin cinsi, görünüşü və ya yaşı barədə yalan danışmasını əsasən qəbuledilməz hesab edir. Çəki ilə bağlı yalanlara isə daha yumşaq yanaşılır. Araşdırma göstərib ki, bəzi yalanlara tolerantlıq psixopatik xüsusiyyətlərlə də əlaqəlidir.

Sfera.az xəbər verir ki, “Behaviour & Information Technology” jurnalında dərc olunan araşdırmada 796 tanışlıq tətbiqi istifadəçisinin fikirləri öyrənilib.

İştirakçılara yaş, cins, görünüş, çəki, sosial-iqtisadi vəziyyət və ailə vəziyyəti barədə yalan danışılan müxtəlif ssenarilər təqdim edilib.

Nəticələrə görə, iştirakçıların 93,1 faizi cins barədə, 90,6 faizi görünüş barədə, 81,6 faizi yaş barədə, 78,5 faizi ailə vəziyyəti barədə, 71 faizi isə sosial-iqtisadi vəziyyət barədə yalanı qəti şəkildə qəbuledilməz sayıb.

Çəki ilə bağlı yalanlara isə münasibət daha fərqli olub. İştirakçıların yalnız 37,7 faizi bu davranışı qəti şəkildə qəbuledilməz hesab edib.

Araşdırmada həmçinin “Qaranlıq tetrada” adlandırılan dörd şəxsiyyət xüsusiyyəti – psixopatiya, narsisizm, makiavellizm və sadizm – qiymətləndirilib. Nəticələrə görə, xüsusilə psixopatik xüsusiyyətlərin artması tanışlıq tətbiqlərində bəzi yalanlara daha tolerant münasibətlə əlaqələndirilib. Tədqiqatçılar bunun iştirakçıların psixopat olduğu anlamına gəlmədiyini vurğulayıblar.

Cins fərqləri də müəyyən edilib. Kişilər yaş, sosial-iqtisadi vəziyyət və ailə vəziyyəti ilə bağlı yalanları qadınlarla müqayisədə daha az sərt qiymətləndiriblər. Lakin bu fərqlərin böyük olmadığı bildirilib.

Alimlər qeyd edirlər ki, araşdırma hipotetik ssenarilərə və iştirakçıların öz cavablarına əsaslandığı üçün nəticələr real davranışı tam əks etdirməyə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR