Sİ müharibəsi: “Deepfake” cəmiyyətimizi necə aldadır?

Süni intellekt texnologiyalarının sürətli yayılması XXI əsrin ən böyük texnoloji inkişaflarından biridir. Bu gün Sİ tibdə xəstəliklərin erkən diaqnostikasını aparır, məlumat emalını sürətləndirir, təhlükəsizlik sistemlərini gücləndirir, biznes və təhsildə qərar qəbul etmə proseslərini sürətləndirir və s.
Lakin texnologiyanın sürətli inkişafı onun mənfi məqsədlərlə istifadəsini də artırıb. Artıq gözlə görülən və qulaqla eşidilən hər şey həqiqət olmaya bilər.
Sfera.az bildirir ki, xüsusilə “deepfake” adlanan saxta video və səs texnologiyası cəmiyyət üçün ciddi risk faktoruna çevrilib. Bu üsulla real insanların üzü, səsi və mimikası başqa görüntülərə inteqrasiya edilə bilir.
Nəticədə, həmin şəxs heç vaxt demədiyi sözləri demiş, etmədiyi hərəkətləri etmiş kimi göstərilə bilər. 2018-ci ildə “Cambridge Analytica” skandalında “Facebook” istifadəçilərinin şəxsi məlumatları siyasi manipulyasiya üçün istifadə olunmuşdu. Sİ alqoritmləri vasitəsilə insanların davranışlarını analiz edən şirkət, seçki kampaniyalarında manipulyasiya üçün bu məlumatlardan yararlanıb.
Bu göstərir ki, Sİ ilə işləyən sistemlərdə şəxsi məlumatların qorunmaması həm fərdi, həm də cəmiyyət üçün ciddi təhlükələr yaradır. Azərbaycan da bu tendensiyadan kənarda deyil. Sosial şəbəkələrdə jurnalist Kübra Məhərrəmova ilə bağlı yayılan video geniş müzakirələrə səbəb olub. İlk baxışdan real təsir bağışlayan görüntülər sürətlə yayılsa da, sonradan məlum olub ki, video süni intellekt vasitəsilə hazırlanmış “deepfake” materialdır. Bir neçə dəqiqəlik texniki emal nəticəsində insanın demədiyi sözlər deyilir, etmədiyi hərəkətlər etdirilir. Bu isə vətəndaşın nüfuzuna zərbə, ictimai etimadın sarsılmasına və hüquqi mübahisələrə yol açır.

Yaxın günlərdə Azərbaycanda hüquq fakültəsi tələbələri ilə bağlı yayılan görüntülər də cəmiyyətdə böyük narahatlıq yaradıb. Sonradan məlum olub ki, bu materiallar da süni intellekt vasitəsilə hazırlanıb. Bu hadisə iki mühüm məqamı ortaya qoyub. Birincisi, gənclər, xüsusilə sosial şəbəkələrdə aktiv olanlar, xüsusi risk qrupundadır, ikincisi isə yayılan saxta materialların təkzibi çox çətindir, çünki informasiya artıq yayılıb və psixoloji zərər dəyib. “Deepfake” texnologiyası yalnız fərdi problemlər yaratmır, dünya siyasətində də geniş istifadə olunur.

2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskiyə aid olduğu iddia edilən “təslim ol” çağırışı edən saxta video yayıldı. Video qısa müddətdə ifşa edilsə də, məqsəd çaşqınlıq və panika yaratmaq idi. ABŞ-də Prezident Co Baydenin adından seçicilərə ünvanlanan saxta avtomatlaşdırılmış zənglər, Latın Amerikası və Avropa ölkələrində isə nazirlərin və prezidentliyə namizədlərin adından saxta çıxışlar ictimai rəyə təsir göstərmək üçün hazırlanıb. Bu nümunələr göstərir ki, informasiya müharibəsi artıq tank və silahla deyil, piksel və alqoritmlə aparılır. Süni intellektin ən qorxulu tərəfi yalnız saxta video yaratmaq deyil. Ən böyük təhlükə insanların artıq heç nəyə inanmamasıdır.
Əgər hər video və hər paylaşım “bəlkə də saxtadır” şübhəsi yaradırsa, bu informasiya xaosuna, medianın nüfuzunun azalmasına, məhkəmə sübutlarının şübhə altına düşməsinə və sosial parçalanmanın dərinləşməsinə gətirib çıxarır. Dünyada “deepfake” materialların böyük hissəsi qadınlara qarşı hazırlanır. Məşhurların, jurnalistlərin, tələbələrin şəkilləri götürülərək saxta intim videolara montaj edilir və sonradan şantaj vasitəsinə çevrilir. Cənubi Koreya, ABŞ və Avropa ölkələrində məktəblilər və tələbələr arasında bu tip cinayətlər artıb, bəzi qurbanlar ağır depressiyaya düşüb, hətta intihar halları qeydə alınıb. Azərbaycandakı hüquq tələbələrinin başına gələn hadisələr də göstərir ki, gənclər artıq təhlükə zonasındadır. Bundan əlavə, sosial şəbəkələrdə şəkil, video və şəxsi məlumat paylaşarkən xüsusi ehtiyatlı olmaq lazımdır.

Xüsusilə azyaşlılar və gənclər üçün bu risk daha yüksəkdir. Fransada uşaqlar icazəsiz şəkillərin paylaşılmasına görə hətta ailələrini məhkəməyə verə bilərlər. İnsanların şəxsi həyatına dair materiallar onların razılığı olmadan yayıldıqda ciddi hüquqi nəticələr doğura bilər. Eyni zamanda, saxta materialların sürətlə yayılması psixoloji travmaya, sosial linç və nüfuz itkilərinə yol açır. Məsələn, sosial şəbəkələrdə paylaşılan adi şəkillər belə “deepfake” üçün xammaldır. ABŞ və Avropada, xüsusilə “Instagram” və” TikTok” platformalarında bu üsulla intihar halları və psixoloji sarsıntılar artıb. Azərbaycanda da gənclər öz şəkillərini paylaşarkən diqqətli olmalıdırlar. Beləliklə, süni intellektin inkişafı böyük imkanlar yaratmaqla yanaşı, ciddi təhlükələr də gətirir. Texnologiya şirkətləri və dövlətlər koordinasiyalı dezinformasiya şəbəkələrini aşkarlamaq üçün çalışsalar da, fərdi istifadəçilər də öz təhlükəsizliklərini təmin etmək üçün ehtiyatlı olmalıdır. Sosial şəbəkələrdə paylaşım etməzdən əvvəl məlumatın doğruluğunu yoxlamaq, şəxsi şəkilləri icazəsiz paylaşmamaq və xüsusilə azyaşlıları qorumaq vacibdir. Çünki informasiya müharibəsi yalnız siyasətçilərə yox, hər bir fərdə təsir edir.
Bəsti Rəfizadə
Sfera.az
