Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

Ramazan ayında oruc tutan şəxslər üçün idman mövzusu hər il ən çox müzakirə edilən məsələlərdən biridir. Mütəxəssislər bildirirlər ki, sağlam insanlar üçün bu dövrdə idman etmək mümkündür.
Lakin əsas məqsəd yüksək performans göstərmək və ya yeni nəticələr əldə etmək deyil, mövcud fiziki hazırlıq səviyyəsini və əzələ kütləsini qorumaqdır.
Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gün ərzində uzun müddət susuz və qidasız qalmaq orqanizmin enerji səviyyəsinə təsir göstərir. Bu səbəbdən oruc vaxtı yüksək intensivlikli və ağır məşqlər performansın azalmasına, tez yorulmaya və hətta halsızlığa səbəb ola bilər. Xüsusilə isti havalarda və uzun orucluq saatlarında ağır fiziki yüklənmə riskli hesab olunur. Bu baxımdan, iftardan 30-60 dəqiqə əvvəl yüngül intensivlikli məşqlərə üstünlük verilməsi tövsiyə olunur. Gəzinti, yüngül tempdə qaçış, pilates, yoqa və dartınma hərəkətləri həm bədəni aktiv saxlayır, həm də orqanizmi həddindən artıq yormur. Bu tip məşqlər qan dövranını sürətləndirir və iftar öncəsi maddələr mübadiləsini aktivləşdirir.
Daha intensiv məşqlər – güc məşqləri, ağırlıq qaldırma və ya yüksək tempdə kardio – isə iftardan təxminən iki saat sonra edilməlidir. Bu zaman orqanizm artıq qida və maye qəbul etdiyi üçün enerji səviyyəsi yüksəlir və məşqin effektivliyi artır. Eyni zamanda, susuzlaşma riski də azalır.
Qidalanma məsələsi də Ramazan ayında idman edənlər üçün xüsusi əhəmiyyət daşıyır. Əzələ kütləsinin qorunması üçün iftar və sahurda kifayət qədər zülal qəbul olunmalıdır. Toyuq, balıq, yumurta, süd məhsulları və paxlalılar bu baxımdan faydalıdır. Sahurda mürəkkəb karbohidratlara – tam taxıllı məhsullar, yulaf, qarabaşaq və s. üstünlük verilməsi gün ərzində enerjinin daha sabit qalmasına kömək edir. İftarda isə balanslı karbohidrat və zülal tərkibli qidalar seçilməlidir. Mütəxəssislər əlavə edirlər ki, Ramazan dövründə məşq proqramı performansı artırmağa deyil, mövcud formanı qorumağa yönəlməlidir.
Həftəlik məşq sayını və intensivliyi bir qədər azaltmaq, bərpa müddətinə daha çox diqqət ayırmaq məqsədəuyğundur. Yuxu rejimi və kifayət qədər maye qəbulu da idman edənlər üçün vacib şərtlər sırasındadır. Beləliklə, düzgün planlaşdırma və balanslı yanaşma ilə Ramazan ayında həm oruc tutmaq, həm də də aktiv həyat tərzini davam etdirmək mümkündür.
Mənsumə
Sfera.az
