Novruz çərşənbələrinin qeyd olunma SƏBƏBLƏRİ

Azərbaycan xalqının ən qədim bayramlarından olan Novruz ərəfəsində qeyd olunan çərşənbələr baharın gəlişinin mərhələli şəkildə qarşılanmasını simvolizə edir. Xalq inanclarına görə, təbiət qış yuxusundan bir anda deyil, dörd ünsürün, yəni su, od, yel və torpağın ardıcıl oyanması ilə dirilir.
Bu səbəbdən Novruza qədər olan son dörd həftənin hər çərşənbəsi xüsusi mənaya malikdir və əsrlərdir müxtəlif adət-ənənələrlə müşayiət olunur.
Sfera.az bildirir ki, ilk olaraq Su çərşənbəsi qeyd edilir. İnanca görə, həyatın başlanğıcı sudan gəlir və bu gündən etibarən buzlar əriyir, çaylar canlanır. İnsanlar səhər tezdən axar suya gedir, üzlərini yuyur, suyun üzərindən atlanaraq köhnə ilin ağırlığından təmizləndiklərinə inanırlar. Evə gətirilən su isə bərəkət rəmzi sayılır. Bundan sonra Od çərşənbəsi gəlir.
Həmin gün tonqallar qalamaq əsas adətdir. İnsanlar alovun üzərindən tullanaraq pisliklərdən və xəstəliklərdən qurtulduqlarına inanır, odu təmizləyici və qoruyucu qüvvə kimi qəbul edirlər. Qədim türk inanclarında od müqəddəs hesab edildiyindən bu çərşənbə yenilənmənin simvolu sayılır. Üçüncü mərhələ Yel çərşənbəsidir. Rəvayətlərə görə, külək artıq oyanmış suyu və odu hərəkətə gətirir, təbiətə nəfəs verir.
Bu gün evlərin havalandırılması, qapı-pəncərələrin açıq saxlanılması və həyət-bacanın təmizlənməsi kimi adətlər geniş yayılıb. Yel həyatın canlanmasını və hərəkəti simvolizə edir. Sonuncu və ən mühüm mərhələ Torpaq çərşənbəsidir. Bu gün torpağın oyandığına inanılır və artıq baharın gəldiyi qəbul edilir. Səməni qoyulur, süfrələr açılır, insanlar bir-biri ilə barışır və qonaqpərvərlik göstərilir.
Əkinçilik işlərinin başlanması da məhz bu günlə əlaqələndirilib. Beləliklə, çərşənbələr yalnız folklor ənənəsi deyil, qədim dünyagörüşün təbiət və insanın yenilənməsi ilə bağlı fəlsəfi modelidir. Su, od, yel və torpaq ardıcıllığı kainatın yaranışını simvolizə edir və Novruzun əsas ideyasını, yəni yenilənmə və dirçəlişi ifadə edir.
Bəsti Rəfizadə
Sfera.az
