Oruc tutmaq insanı aqressivləşdirir? - Psixoloq RƏYİ

Oruc tutmaq insanı aqressivləşdirir? - Psixoloq RƏYİ
Kateqoriya məlum deyil
T

Ramazan ayında oruc tutan insanların bir qismində gün ərzində əsəbilik, gərginlik və diqqət azalması kimi hallar müşahidə oluna bilər. Bəzi hallarda isə “oruc insanı aqressivləşdirir” fikri ictimai müzakirə mövzusuna çevrilir.

 

Mütəxəssislər bildirirlər ki, uzun müddət aclıq və susuzluq orqanizmdə bioloji dəyişikliklər yaradır, bu isə öz növbəsində insanın emosional vəziyyətinə və davranışına təsir göstərə bilər. Qanda şəkərin səviyyəsinin enməsi, susuzluq və yuxu rejiminin pozulması əsəbilik və səbrsizlik hissini artıra bilər. Digər tərəfdən, oruc yalnız fiziki deyil, həm də mənəvi-intizam xarakterli ibadət sayılır və əsas məqsədlərdən biri nəfsə nəzarət, səbir və emosional tarazlığı qorumaqdır.

 

Bu baxımdan sual yaranır: Oruc həqiqətən insanı aqressivləşdirə bilərmi, yoxsa məsələ daha çox fərdi psixoloji xüsusiyyətlər və həyat tərzi ilə bağlıdır? Aclıq və susuzluq psixologiyaya konkret olaraq necə təsir edir? Balansı qorumaq üçün nələrə diqqət etmək lazımdır? Psixoloji baxımdan hansı şəxslərin oruc tutmaması daha məqsədəuyğundur?

 

Suallarımızı cavablandıran ailə və uşaq psixoloqu Aynur İsmayılova Sfera.az-a açıqlamasında bildirib ki, oruc tutmaq əsasən fizioloji və psixoloji cəhətdən sağlam insanlara aiddir.

 

Onun sözlərinə görə, bu insanlar oruc tutarkən bədən və zehin sağlamlığına zərər vermədən günün müəyyən müddətində aclıq və susuzluğa dözə bilirlər:

 

 

“Onlar ac qalacaqlarını dərk edir, bu müddət ərzində orqanizmin normal funksiyalarını qoruyurlar. Orucun sağlam insanlar üçün faydaları həm fiziki, həm də mənəvi cəhətdən önəmlidir. Orqanizm toksinlərdən təmizlənir, maddələr mübadiləsi normallaşır və psixoloji dayanıqlılıq artır”.

 

Psixoloq vurğulayıb ki, fiziki və psixoloji problemləri olan insanlar üçün oruc ciddi risklər yarada bilər:

 

“Məsələn, şəkər xəstələri qan şəkərinin kəskin düşməsi ilə üzləşə bilər və bu, fiziki sağlamlığa ciddi təsir göstərir. Eyni zamanda yüksək və ya aşağı təzyiq, panik atak, təşviş pozuntuları, aqressivlik, nevroz və digər psixoloji xəstəlikləri olan şəxslərdə aclıq və susuzluq vəziyyətin daha da pisləşməsinə səbəb olur. Bu insanlar oruc tutduqda həm fizioloji, həm də psixoloji fəsadlar yaşaya bilərlər: həyəcan artımı, panikanın şiddətlənməsi, aqressiv davranışların ortaya çıxması, yorğunluq və ümumi gərginlik hissi güclənir. Buna görə də oruc yalnız sağlam insanlar üçün təhlükəsiz və faydalıdır”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ