Diyetada olanlar Ramazan ayında oruc tuta bilər?

Diyetada olanlar Ramazan ayında oruc tuta bilər?
Kateqoriya məlum deyil
T

Ramazan ayında oruc tutmaq bir çox insan üçün həm dini, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Lakin artıq çəki problemi yaşayan və ya müəyyən pəhriz proqramına əməl edən şəxslər üçün bu dövrdə oruc tutmağın sağlamlığa təsiri tez-tez müzakirə olunur.

 

Uzunmüddətli aclıq, qida saatlarının dəyişməsi və maye qəbulunun azalması dietada olan insanlar üçün əlavə risklər yarada bilər. Bu baxımdan, Ramazanda oruc tutmağın diyetaya uyğun olub-olmaması mütəxəssis rəyi tələb edən məsələdir.

 

Diyetada olan şəxslər Ramazan ayında oruc tuta bilərmi?

 

Diyetoloq Ləman Süleymanova Sfera.az-a açıqlamasında bildirib ki, Ramazan ayında oruc tutmaq insanın daxili orqanlarına çox yaxşı təsir göstərir. Onun sözlərinə görə, oruc tutmaq daxili orqanların təmizlənməsinə şərait yaradır:

 

 

“Müəyyən xəstəliyi olan insanlar var ki, onlar düzgün şəkildə oruc tutmaqla xəstəlikdən sağalırlar. Bu, Allahın insanlara nəsib etdiyi ən gözəl aylardan biridir. Amma zərərli və keyfiyyətli oruc tutanlar var. Ən birinci, düzgün şəkildə oruc tutmaq lazımdır. Səhər imsak etmək mütləqdir. İmsakda elə qidalardan istifadə olunmalıdır ki, insanı gün ərzində enerji ilə təmin edə bilsin”.

 

Diyetoloq vurğulayıb ki, iftarda və imsakda qida seçiminə diqqət etmək lazımdır:

 

“Mümkün qədər acılı və duzlu qidaları rasiondan çıxarmaq lazımdır. Çünki, elə qidalar olmalıdır ki, suya tələbatı minimuma endirsin. Bu il Ramazan ayı qış ayına təsadüf edir. Yay aylarına təsadüf edəndə daha ağır olurdu. Gün ərzində işlərlə məşğul olduqdan sonra, axşam iftara az qalmış yüngül fiziki aktivlik, hava ilə təmasda olmaq lazımdır. Belə oldquda, iftarda yeyilən qidalar rahat həzm olunur. Süfrə çox sadə olmalıdır. Su təmizlikdir. Orucu açdıqda su içməklə insan qida borusunu təmizləyir. Sudan sonra xurma qəbul etmək lazımdır. Xurma lifli qidadır və tərkibində olan şəkər beynimizə lazım olan şəkəri çatdırır ki, bununla da biz günümüzü xoş keçiririk. Süfrə sadə olmalıdır. Yarım boşqab şorba və bir çeşid yemək yeyilməlidir. Yarım saat sonra isə bitki çayı içilməlidir. Belə olduqda insan çox rahat olur. Bəzi insanlar ifrat dərəcədə yeyir və yaxud da səhər yeməyindən imtina edirlər. Bəziləri bütün gün yatır və iftara bir saat qalmış yuxudan oyanır. Süfrədə ifrat dərəcədə yeməklər düzür və səhərə qədər qidalanır. Bu, orucluq deyil. Allah tərəfindən də belə oruc tutmaq qəbul edilmir. Belə oruc tutanlarda orucluq bitdikdən sonra kəskin çəki artımı baş verir. Çəki artımı, şəkər xəstələrində isə şəkər artımı baş verir. Düzgün qaydalara əməl etməklə diyetada olanlar da oruc tuta bilər”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR