ABŞ bir neçə əyalətə hücum edib - Müdafiə naziri

ABŞ bir neçə əyalətə hücum edib - Müdafiə naziri
Kateqoriya məlum deyil
T

Venesuela müdafiə naziri Vladimir Padrino Lopes ölkəsinin ABŞ tərəfindən həyata keçirilən hərbi hücumların hədəfinə çevrildiyini iddia edərək beynəlxalq ictimaiyyəti Vaşinqtonu qınamağa çağırıb.

 

Sfera.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında yaydığı videomüraciətdə bildirib ki, Venesuela ABŞ hökumətinin təşkil etdiyi “ən qəddar hərbi hücumlara” məruz qalıb.

 

Onun sözlərinə görə, hücumlar paytaxt Karakasdakı Fuerte Tiuna Hərbi Bazası ilə yanaşı Miranda, Araqua və La Quaira ştatlarını hədəf alıb.

 

Padrino Lopes mülki yaşayış məntəqələrinin bombalandığını, ölən və yaralananlarla bağlı məlumatların dəqiqləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirib. O qeyd edib ki, bu hücumlar regionda sülh və sabitliyə ciddi təhlükə yaradır.

 

Nazir beynəlxalq ictimaiyyətə və bütün çoxtərəfli təşkilatlara müraciət edərək BMT Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozduğunu bildirdiyi ABŞ-nin qınanmasına çağırıb.

 

ABŞ-ni Venesuelanın strateji resurslarına qarşı “acgözlükdə” ittiham edən Padrino Lopes hücumların “narkotik qaçaqmalçılığı bəhanəsi ilə” həyata keçirildiyini, əsl məqsədin isə ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq olduğunu vurğulayıb.

 

“Bizə hücum etdilər, lakin bizi məğlub edə bilməyəcəklər”, – deyən nazir xalqı birlik, müqavimət və sakitliyi qorumağa çağırıb. O əlavə edib ki, Konstitusiya, Fövqəladə Hal Qanunu və Milli Təhlükəsizlik Qanununa uyğun olaraq ölkə üzrə xarici fövqəladə vəziyyət elan edilməsi qərarı tam dəstəklənir.

 

Nazir bildirib ki, hökumətin xarici müdaxilə ilə əlaqədar elan etdiyi fövqəladə vəziyyət rejiminə uyğun hərəkət ediləcək və Prezident Nikolas Maduronun göstərişləri icra olunacaq. Onun sözlərinə görə, xalq, ordu və polis birgə şəkildə “kompleks müdafiə məqsədilə bütün mövcud silah sistemlərindən istifadə edəcək”.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ