Trampın adamı Moskvada – Uitkoffun səfərinəyi dəyişəcək?

ABŞ Prezidenti Donald Trampın müşaviri Stiv Uitkoff yenidən Rusiyaya səfər edib. Onun Moskva görüşlərinin gündəminin nə olacağı və səfərin regionda hansı siyasi mesajları ehtiva etdiyi barədə suallar gündəmə gəlib.
Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Stiv Uitkoffun Rusiyaya növbəti səfəri təbii olaraq beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib:
“Uitkoffun diplomatik təcrübəsi olmasa da, Trampa yaxınlığı və onunla birbaşa siyasi etimad xətti yaratması Vaşinqton-Moskva dialoqunda yeni, qeyri-ənənəvi bir formatın formalaşmasına səbəb olub. Bu səfər xüsusilə Rusiya-Ukrayna müharibəsi və ABŞ-Rusiya münasibətlərindəki gərginlik fonunda xüsusilə diqqət çəkir”.
Politoloqun sözlərinə görə, səfərin əsas gündəmi ABŞ administrasiyasının hazırladığı sülh təkliflərinin Kremlə təqdim edilməsidir:
“Bu, bir neçə aylıq qapalı danışıqlardan sonra Vaşinqtonun ilk dəfə Moskvaya rəsmi çərçivədə sülh planını təklif etməsi kimi qiymətləndirilir. Məlumdur ki, plan özündə müharibənin dayandırılması və tərəflərin gələcək təhlükəsizlik təminatlarının razılaşdırılması kimi məsələləri əhatə edir. Trampın ilk planı Rusiya tərəfindən dəstəklənsə də ABŞ-Ukrayna, ABŞ-Aİ danışıqları fonunda həmin plana bir sıra dəyişikliklərin edildiyi bildirilir. Odur ki, səfərin nəticələri təbii ki, Kremlin bu təkliflərə verəcəyi reaksiyadan asılı olacaq”.
Müsahibimiz qeyd edib ki, bu səfərin digər mühüm tərəfi ABŞ-Rusiya münasibətlərində dialoqun yenidən canlandırılması cəhdidir:
“Tramp administrasiyası daha praqmatik və şəxsi əlaqələrə əsaslanan xətt qurmağa çalışır. Vitkoffun qeyri-rəsmi üslubu və biznes təcrübəsi Moskva tərəfindən daha çevik danışıqlar forması kimi qəbul oluna bilər. Lakin bu yanaşma həm də risklidir. Belə ki, diplomatik protokolların kənara qoyulması prosesin institusional və davamlı xarakterini zəiflədə bilər”.
R.Bayramov bildirib ki, buna görə də Avropa İttifaqı və NATO ölkələrinin əksəriyyəti Uitkoffun səfərlərinə müəyyən skeptisizmlə yanaşırlar və onların narahatlığı əsasən iki məqamdan qaynaqlanır:
“Birincisi, ABŞ-nin sülh planının Avropanın təhlükəsizlik arxitekturası ilə nə qədər uzlaşdığı aydın deyil, ikincisi, güzəştlər Rusiyanın xeyrinə çox geniş ola bilər və bu, Ukraynanın maraqlarını zəiflədə bilər. Ukrayna özü də ehtiyatlı mövqedədir. Kiyev hər hansı razılaşmanın onun suverenliyi və ərazi bütövlüyü əsasında qurulmasını tələb edir”.

Politoloq vurğulayıb ki, Rusiya üçün bu səfər həm taktiki, həm də strateji dəyər daşıyır:
“Kremlin məqsədi sülh prosesinə nəzarəti öz əlində saxlamaq, eyni zamanda Qərb sanksiyalarından qismən yayınmaq üçün diplomatik manevr sahəsi əldə etməkdən ibarətdir. Bundan başqa rəsmi Moskva Vaşinqtonla birbaşa dialoqun açılmasını öz legitimliyinin təsdiqi kimi də dəyərləndirməyə çalışır”.
Müsahibimiz son olaraq qeyd edib ki, Uitkoffun Rusiyaya səfəri həm müharibənin gələcəyinə, həm də qlobal güc balansına təsir potensialına malik hadisədir:
“Əgər Riusiyanı bu və ya digər şəkildə ilkin tələblərindən güzəştə getməyə məcbur etmək mümkün olacaqsa o zaman atəşkəs və sabitlik üçün imkanlar yarana bilər, əks halda, gərginliyin davam etməsi qaçılmaz olacaq”.
Niyaz Hacıyev
Sfera.az
