Sürücü etibarnamələrinin vaxtı qısaldılacaq? - AÇIQLAMA

Avtomobillərlə bağlı verilən ümumi etibarnamələrin qüvvədə olma müddətinin qısaldılması məsələsi gündəmə gəlib. Əvvəllər bu etibarnamələr uzun müddətə verilirdisə, sui-istifadə hallarının artması səbəbindən müddət 1 ilə qədər azaldılıb.
Lakin avtomobil alan şəxslər, xüsusən də alverçilər yenə də bu imkanlardan sui-istifadə edirlər.
İndi sual yaranır: etibarnamələrin müddətini daha da qısaltmaq mümkündürmü?
Nəqliyyat eksperti Aslan Əsədov Sfera.az-a bildirib ki, etibarnamələrin verilməsində müddət azaldılmayıb. Onun sözlərinə görə, sürücülük vəsiqəsinin son tarixinə qədər müddət mövcuddur:

“Sadəcə, ümumi daşınan əmlakın prosedur qaydalarına uyğun olan müddət fərqlidir. Yəni, nəqliyyat vasitələrini idarə edən şəxslərdə müddət bir il azalıb. Sürmək üçün isə vaxt uzanmayıb. Bu, ümumi olaraq prosedur qaydalarının tənzimlənməsinə xidmət edir. Yəni, nəqliyyat vasitəsini idarə edən şəxslər hərəkət iştirakçılarının prosedur qaydalarına uyğunluğunu təmin etməlidir”.
Ekspert bildirib ki, nəqliyyat vasitəsini idarə edən istənilən şəxs nəqliyyat vasitəsini etibarnamə hüququ qazanan şəxsə müəyyən müddətə və ya hər hansı bir qaydada istismarına icazə verə bilər, amma bir şərtlə:
“Alverçilər və digər şəxslərin sui-istifadə hallarına qarşı hüquqi tərəf ondan ibarətdir ki, yalnız nəqliyyat vasitəsi ada rəsmiləşdirilməlidir”.
Niyaz Hacıyev
Sfera.az






